9
İsa Şaulla danışır
Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu* tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi.
10 Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» 11 Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. 12 O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». 13 Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. 14 Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». 15 Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. 16 Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm». 17 Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». 18 O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu. 19 Sonra yemək yeyib taqətə gəldi.
Şaul Dəməşqdə və Yerusəlimdə
Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. 20 Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı. 21 Onu eşidənlərin hamısı mat qalıb deyirdi: «Yerusəlimdə bu adı çəkənləri dağıdan adam bu deyilmi? Buraya belələrini əl-qolunu bağlayıb başçı kahinlərin yanına aparmağa gəlməmişdimi?» 22 Şaul isə gündən-günə qüvvətlənirdi. İsanın Məsih olmasına dair sübutlar göstərməklə Dəməşqdə yaşayan Yəhudiləri çaş-baş saldı.
23 *Aradan xeyli gün keçdi. Yəhudilər Şaulu öldürmək üçün sui-qəsd hazırladı. 24 Amma onların bu qəsdi haqqında xəbər Şaula çatdı. Yəhudilər onu öldürmək üçün gecə-gündüz şəhərin qapılarında pusqu qururdu. 25 Amma Şaulun şagirdləri gecə olan kimi onu götürüb bir səbətin içinə qoyaraq şəhər divarlarından aşağı endirdilər.
26 Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmağa çalışdı, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdidir. 27 Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını necə cəsarətlə bəyan edib. 28 Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da Rəbbin adını cəsarətlə bəyan edirdi. 29 O yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdilər. 30 İmanlı bacı-qardaşlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər.
31 Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı.
Eneya və Tabitanın sağaldılması
32 Bu zaman hər yanı dolaşan Peter Lodda yaşayan müqəddəslərin yanına gəldi. 33 Orada Eneya adlı bir nəfərə baş çəkdi. Eneya iflic olmuşdu və səkkiz il idi ki, yataqda idi. 34 Peter ona dedi: «Eneya, İsa Məsih səni sağaldır. Qalx, yatağını yığışdır». Eneya dərhal ayağa qalxdı. 35 Lod və Şaronda yaşayanların hamısı bu adamı görüb Rəbbə tərəf döndü.
36 Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. 37 Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. 38 Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: «Vaxt itirmədən yanımıza gəl». 39 Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. 40 Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: «Tabita, qalx!» Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. 41 Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. 42 Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi. 43 Peter isə xeyli gün Yafoda, Şimon adlı bir dabbağın evində qaldı.
* 9:2 İsa yolunu – hərfi tərcümədə Yolu. * 9:23 2Kor. 11:32-33