6
İsrailin nahaq yerə gücə arxalanması
1 Vay halınıza, ey Sionda laqeyd olanlar,
Samariya dağında arxayın oturanlar,
İsrail nəslinin müraciət etdiyi
Millətlər arasında adlı-sanlılar!
2 Kalneyə keçib görün,
Oradan böyük Xamata gedin,
Filiştlilərin Qat şəhərinə gəlin.
Onların halı bu ölkələrdən daha yaxşıdırmı?
Onların ərazisi sizinkindən böyükdürmü?
3 Vay halınıza, ey bəla gününü uzaq sanıb
Zorakılığı taxtına yaxınlaşdıranlar!
4 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb,
Yataqlarda uzanıb,
Sürüdəki quzulardan,
Axurun yanındakı danalardan götürüb yeyənlər!
5 Çəng çalıb bədahətən oxuyanlar,
Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,
6 Piyalə-piyalə şərab içənlər,
Bədənlərinə əla yağlar sürtənlər,
Lakin Yusif nəslinin qırğınına görə
Narahat olmayanlar!
7 Bundan ötrü indi sürgünə
Başda siz gedəcəksiniz.
Keflənib yayxananların ziyafəti başa çatacaq.
8 Xudavənd Rəbb Öz haqqına and içir,
Ordular Allahı Rəbb bəyan edir:
“Yaqub nəslinin qüruruna nifrət edirəm,
Qalalarından zəhləm gedir.
İçində olanlarla birlikdə
Paytaxtlarını təslim edəcəyəm”.
9 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək.
10 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.
11 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.
12 Qaya üzərində atlar çaparmı?
Orada kim öküzlərlə kotan sürər?
Siz isə ədaləti zəhərə döndərmisiniz,
Bəraəti də acıya çevirmisiniz.
13 Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!
14 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.