13
Tövsiyə və salamlar
*Bu, yanınıza üçüncü gəlişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin». İkinci dəfə yanınızda olanda keçmişdə günah işlədənlərə xəbər verdiyim kimi indi uzaqda olanda da onların və başqalarının hamısına xəbərdarlıq edirəm ki, yenə yanınıza gələndə onların heç birini cəzasız qoymayacağam. Məsihin mənim vasitəmlə danışdığına dair istədiyiniz sübut budur. Məsih aranızda zəifliklə deyil, qüdrətlə fəaliyyət göstərir. Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq.
Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan keçirin. İsa Məsihin daxilinizdə olduğunu başa düşmürsünüzmü? Yoxsa sınaqdan keçmirsiniz? Ümidvaram, bizim sınaqdan keçdiyimizi başa düşəcəksiniz. Allaha dua edirik ki, pis iş görməyəsiniz; bu bizim sınaqdan keçməyimizi göstərmək üçün deyil, sınaqdan keçməyənlər kimi olsaq da, sizin yaxşılıq etməniz üçündür. Çünki həqiqətə qarşı heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik. Biz zəif, sizsə güclü olanda sevinirik. Bərpa olmanız üçün dua edirik. 10 Bunları sizə uzaqdan yazıram ki, yanınızda olanda Rəbbin yıxmaq üçün deyil, inkişaf etdirmək üçün mənə verdiyi səlahiyyəti sərt şəkildə istifadə etməyə məcbur olmayım.
11 Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq. 12 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Bütün müqəddəslər sizə salam göndərir.* 13 Rəbb İsa Məsihin lütfü, Allahın məhəbbəti və Müqəddəs Ruhun şərikliyi hamınıza yar olsun!
* 13:1 Qanun. 17:6; 19:15 * 13:12 Bütün müqəddəslər sizə salam göndərir – bəzi tərcümələrdə bu sözlər 13-cü ayə sayılır, burada sayılan 13-cü ayə isə 14-cü ayə sayılır.