7
Rəbbin Kənanlıları qovmaq barədəki əmri
(Çıx. 34:11-16)
1 Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq.
2 Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin.
3 Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın.
4 Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək.
5 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın.
6 Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.
7 Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.
8 Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.
9 Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
10 Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək.
11 Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin.
12 Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək.
13 O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək.
14 O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq.
15 Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək.
16 Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar.
17 Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik?
18 Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın.
19 Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq.
20 Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək.
21 Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır.
22 Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar.
23 Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək.
24 Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək.
25 Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir.
26 Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub.