21
Rəbbin cəza qılıncı
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, üzünü Yerusəlimə tərəf çevirib Müqəddəs məkanlara qarşı danış və İsrail torpağının əleyhinə peyğəmbərlik et.
3 Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam.
4 Sənin içində olan salehi də, pis adamı da qırıb-çatım deyə Mənim qılıncım cənubdan şimaladək ərazidə yaşayan bütün bəşərin üzərinə enmək üçün qınından çıxacaq.
5 Onda bütün bəşər biləcək ki, Mən Rəbb qılıncımı qınından çıxardım və bir daha yerinə qayıtmayacaq”.
6 İçini çək, ey bəşər oğlu, sən belini büküb onların gözü önündə acı-acı içini çək.
7 Onlar sənə “Nəyə görə içini çəkirsən?” söyləyəndə onlara deyərsən: “Gələn xəbərə görə. Hər ürək əriyəcək, hər əl yanına düşəcək, bütün ruhlar zəifləyəcək və bütün dizlər titrəyəcək. O xəbər gəlir, bunlar yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
8 Mənə Rəbbin bu sözü nazil oldu:
9 «Ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Xudavənd belə deyir:
“Söylə ki, qılınc, qılınc
İtilənib, cilalanıb.
10 Öldürmək üçün itilənib,
Şimşək kimi çaxsın deyə cilalanıb.
Necə sevinə bilərik?
Qılınc oğlumun əsasına
Hər hansı bir əl ağacı kimi xor baxdı.
11 Qılınc əldə tutulmaq üçün
Cilalanmağa verildi.
Öldürənin əlinə verilsin deyə
İtilənib cilalandı.
12 Ey bəşər oğlu, fəryad edib ağla.
Çünki bu qılınc xalqıma və
Bütün İsrail rəhbərlərinə qarşı qalxıb.
Onlar xalqımla birgə
Qılınca təslim edildi.
Bunun üçün sinə döy”.
13 Xudavənd Rəbb bəyan edir:
“Qarşıda sınaq var.
Qılıncın xor baxdığı əsa
Daha salamat qalmazsa, nə olar?
14 Sən ey bəşər oğlu, peyğəmbərlik et,
Əllərini bir-birinə vur.
Qoy qılınc iki, üç dəfə vursun.
O öldürən bir qılıncdır,
Çoxlu adam qıran,
İnsanı hər tərəfdən saran qılıncdır.
15 Onların ürəyi ərisin,
Yerə sərilənlər çox olsun deyə
Bütün darvazalarında qırğın qılıncı qoydum.
Ah, o, şimşək kimi parıldadı,
Öldürmək üçün sıyrıldı.
16 Ey qılınc, sağa-sola dönüb kəs,
Sağa dön, sola dön,
Üzün hara çevrilsə, ora get.
17 Mən də əllərimi bir-birinə vuracağam,
Beləcə qəzəbimi yatırdacağam.
Bunu Mən Rəbb söylədim”».
18 Mənə Rəbbin bu sözü nazil oldu:
19 «Sən ey bəşər oğlu, Babil padşahının qılıncının gəlməsi üçün iki yol hazırla, ikisi də bir ölkədən çıxsın. Bir yerdə nişan qoy, onu şəhər yolunun başında qoy.
20 Qılınc Ammon övladlarının Rabba şəhərinə, Yəhudaya və qalalı Yerusəlimə yönəlsin deyə yol hazırla.
21 Çünki Babil padşahı yolayrıcında – iki yolun başında falçılıq etmək üçün dayanacaq. Oxları qarışdıracaq, ev bütlərindən soruşacaq, kəsilən bir heyvanın qaraciyərinə baxacaq.
22 Onun sağ əlində Yerusəlimi göstərən fal var. Orada qoçbaşı alətləri qoyacaq, öldürmək əmri verəcək, döyüş nidası ucaldacaq, qoçbaşı alətlərini darvazaların önündə qoyacaq, torpaq qalağı və mühasirə divarları düzəldəcək.
23 Onunla and içib saziş bağlayanlar falın yalan olduğunu güman edəcək. Ancaq padşah təqsirlərini xatırlayıb onları əsir alacaq.
24 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki təqsirlərinizi və üsyankarlığınızı göstərməklə bunları yada saldınız, bütün işlərinizdə günahlarınız aşkara çıxdı və yada salındınız, mütləq əsir düşəcəksiniz.
25 Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”.
26 Xudavənd Rəbb belə deyir: “Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt.
27 Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm”.
28 Sən ey bəşər oğlu, peyğəmbərlik edib söylə ki, Ammonlular və onların etdikləri təhqirə görə Xudavənd Rəbb belə deyir:
“Qılınc, qılınc həlak etmək üçün sıyrılıb,
Qırğın üçün itilənib ki,
Şimşək kimi parlasın.
29 Elə bir zamanda ki
Sənə boş görüntülər görünür,
Sənə yalan falçılıq açırlar.
Ölməli olan pis adamların
Boyunlarına enəcəksən, ey qılınc!
Bu adamların günü çatdı,
Nəhayət, cəza vaxtı gəldi.
30 Qılınc qınına qoyulsun!
Səni yaradıldığın yerdə,
Doğulduğun ölkədə mühakimə edəcəyəm.
31 Qəzəbimi üstünə tökəcəyəm,
Hiddətimin odunu üstünə püfləyəcəyəm,
Səni vəhşi adamlara təslim edəcəyəm.
Onlar məhv etməkdə mahirdir.
32 Sən oda qida olacaqsan,
Ölkə içində qanın töküləcək.
Daha yada salınmayacaqsan,
Çünki Mən Rəbb bunu söylədim”».