3
Paula vəhy vasitəsilə bildirilən sirr
Mən Paul siz başqa millətlərdən olanlar uğrunda Məsih İsanın məhbusuyam. Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. *Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz. Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır. Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.
Allah qüdrətli fəaliyyəti ilə lütfünü mənə verdi, buna əsasən Müjdəni yaymaq üçün xidmətçi oldum. Bütün müqəddəslərdən ən dəyərsiziyəm. Lakin Allah mənə bu lütfü verdi ki, Məsihin ağlasığmaz zənginliyi ilə bağlı Müjdəni millətlərə yayım və hər şeyi yaradan* Allahda əzəldən bəri sirr olaraq saxlanan niyyətinin nə olduğunu bütün insanlara izah edim. 10 Belə ki Allahın çoxcəhətli hikməti indi imanlılar cəmiyyəti vasitəsilə səmadakı başçılara və hakimlərə bildirilsin. 11 Bu, Allahın əzəldən bəri qurduğu və Rəbbimiz Məsih İsa vasitəsilə yerinə yetirdiyi məqsədinə görə oldu. 12 Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik. 13 Buna görə xahiş edirəm ki, mənim sizin üçün çəkdiyim əziyyətlərdən ötrü ruhdan düşməyin. Bu sizə izzət gətirir.
Məsihin məhəbbətini dərk etmək
14-15 Buna görə göylərdə və yer üzündə hər ailəyə ad verən Atanın qarşısında diz çökürəm ki, 16 O, izzətinin zənginliyinə görə Öz Ruhu vasitəsilə sizi daxili varlığınızda qüvvə ilə möhkəmləndirsin 17 və Məsih iman vasitəsilə ürəklərinizdə yaşasın. Siz də məhəbbətdə kök salıb təməl qoyasınız, 18 belə ki bütün müqəddəslərlə birlikdə Məsihin məhəbbətinin nə qədər geniş, uzun, uca və dərin olduğunu başa düşməyə, 19 hər dərrakədən üstün olan bu məhəbbəti dərk etməyə gücünüz çatsın. Beləliklə, siz Allahın bütövlüyündə bütöv olasınız.
20 Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha 21 imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun! Amin.
* 3:4 Kol. 1:25-27 * 3:9 Yaradan – bəzi əlyazmalarda İsa Məsih vasitəsilə yaradan. 3:14-15 Atanın – bəzi əlyazmalarda Rəbbimiz İsa Məsihin Atasının.