6
1 Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır.
2 İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki,
3 xoş güzəranın və yer üzündə ömrün uzun olsun».
4 Ey atalar, siz də övladlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və öyüdü ilə böyüdün.
5 Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarınıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin.
6 Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin.
7 İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin.
8 Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq.
9 Ey ağalar, siz də həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz.
Allahın verdiyi ruhani zireh və silahlar
10 Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
11 İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün.
12 Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.
13 Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
14-15 Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.
16 Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.
17 Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün.
18 Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.
19-20 Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Salam göndərmə
21 Necə olduğumu və nə iş gördüyümü siz də biləsiniz deyə Rəbdə sevimli qardaş və sadiq xidmətçi Tixik sizə hər şeyi bildirəcək.
22 Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun.
23 Ata Allah və Rəbb İsa Məsihdən bacı-qardaşlara sülh və imanla məhəbbət olsun.
24 Rəbbimiz İsa Məsihi ölməz məhəbbətlə sevənlərin hamısına lütf olsun!