38
Yandırma qurbanı üçün qurbangahın qurulması
(Çıx. 27:1-8)
Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi. Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü. Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi. Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi. Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü. Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü. Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.
Tunc ləyənin düzəldilməsi
(Çıx. 30:18)
Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.
Müqəddəs məskənin həyətinin düzəldilməsi
(Çıx. 27:9-19)
Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi. 10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 11 Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 12 Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi. 13 Şərq tərəfində də həyətin eni əlli qulac idi. 14 Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 15 Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi. 16 Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan, 17 dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi. 18 Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi. 19 Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi. 20 Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.
Hüzur çadırı üçün işlənən xammal
21 Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur. 22 Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi. 23 Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı.
24 Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi. 25 * Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi. 26 * Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi. 27 Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi. 28 Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi. 29 İanə verilən tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi. 30 Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı, 31 həyətin ətraf altlıqları, həyətin darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi.
* 38:25 Çıx. 30:11-16 * 38:26 Mat. 17:24