3
Qanun və iman
Ey ağılsız Qalatiyalılar! Sizi kim tilsimlədi?* İsa Məsihin çarmıxa çəkilməsi gözləriniz önündə açıqca təsvir olundu! Sizdən yalnız bunu öyrənmək istəyirəm: Ruhu Qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız? Siz bu qədərmi ağılsızsınız? Ruhla başlayandan sonra indi cismani səyləmi bitirirsiniz? Boş yerəmi o qədər əzab çəkdiniz? Həqiqətən, bunlar boş yerə idi? Bəs sizi Ruhla təmin edən və aranızda möcüzələr yaradan Allah bunları Qanuna əməl etməyinizlə, yoxsa eşitdiyinizə iman etməyinizlə icra edir?
*Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». *İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. *Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10 *Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» 11 *Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 12 *Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 13 *Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» 14 Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
Qanun və Allahın vədi
15 Qardaşlar, insan düşüncəsi əsasında deyirəm: hətta insanın belə təsdiq etdiyi əhdi heç kəs ləğv edə bilməz yaxud da ona heç bir şey əlavə edə bilməz. 16 *Vədlər yalnız İbrahimə və onun nəslinə verildi. Allah çox adam barədə danışırmış kimi «və nəslindən olanlara» yox, tək bir adam barədə danışaraq «və sənin nəslindən olana» deyir; bu «nəslindən olan» Məsihdir. 17 *Bunu demək istəyirəm: Allahın təsdiq etdiyi Əhdi bundan dörd yüz otuz il sonra gələn Qanun qüvvədən sala bilməz ki, vədi ləğv etsin. 18 *Çünki əgər irs Qanuna əsaslanırsa, artıq vədə əsaslanmır. Amma Allah İbrahimə irsi vəd vasitəsilə lütfə görə verdi.
19 Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 20 Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
Qanunun məqsədi
21 Deməli, Qanun Allahın vədlərinə ziddirmi? Əsla! Çünki əgər həyat verməyə qadir olan bir Qanun verilsəydi, salehlik, həqiqətən, Qanunla gələrdi. 22 Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
23 Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 24 Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26 Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. 27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 28 Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. 29 *Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
* 3:1 Tilsimlədi? – bəzi əlyazmalarda tilsimlədi ki, həqiqətə itaət etməyəsiniz? (Qal. 5:7). * 3:6 Yar. 15:6; Rom. 4:3; Yaq. 2:23 * 3:7 Rom. 4:16 * 3:8 Yar. 12:3 * 3:10 Qanun. 27:26 * 3:11 Hab. 2:4 * 3:12 Lev. 18:5 * 3:13 Qanun. 21:22-23 * 3:16 Yar. 12:7; 13:14-15 * 3:17 Çıx. 12:40 3:17 Təsdiq etdiyi – bəzi əlyazmalarda Məsih barəsində təsdiq etdiyi. * 3:18 Rom. 4:14 * 3:29 Rom. 4:13