35
Yaqubun Bet-Elə qayıtması
1 Allah Yaquba dedi: «Qalxıb Bet-Elə get və orada qal. Qardaşın Esavın əlindən qaçanda sənə görünən Allaha orada bir qurbangah düzəlt».
2 Yaqub ailəsinə və onunla olanların hamısına dedi: «Yanınızda olan özgə büt allahlarını atın və özünüzü pak edib paltarlarınızı dəyişin.
3 Qalxıb Bet-Elə gedək. Dərdli günümdə mənə cavab verən və getdiyim yolda mənimlə olan Allaha orada bir qurbangah düzəldəcəyəm».
4 Onlar yanlarında olan bütün özgə büt allahlarını və qulaqlarındakı sırğaları Yaquba verdilər. Yaqub bunları Şekem yaxınlığında olan palıdın altında basdırdı.
5 Onlar yola düşdülər. Allah ətraf şəhərlərin sakinlərini dəhşətə salmışdı və buna görə də onlar Yaqubun oğullarını təqib etmədilər.
6 Yaqub yanındakı bütün adamlarla birgə Kənan torpağında olan Luza, yəni Bet-Elə gəldi.
7 Burada bir qurbangah düzəldib o yerin adını El-Bet-El qoydu, çünki qardaşının əlindən qaçanda Allah Özünü orada Yaquba zahir etmişdi.
8 Rivqanın dayəsi Devora öldü. Onu Bet-Elin aşağısında olan palıdın altında basdırdılar. Oranın adını Allon-Bakut qoydular.
9 Yaqub Paddan-Aramdan qayıdanda Allah yenə Yaquba göründü və ona xeyir-dua verdi.
10 Allah ona dedi: «Sənin adın Yaqubdur. Artıq adın Yaqub çağırılmayacaq, bundan sonra adın İsrail olacaq». Allah onun adını İsrail qoydu
11 və ona dedi: «Külli-İxtiyar Allah Mənəm. Qoy nəslin artıb çoxalsın. Səndən bir millət və çoxlu millət törəyəcək, sənin nəslindən çoxlu padşahlar çıxacaq.
12 İbrahimə və İshaqa verdiyim torpağı sənə verəcəyəm. Səndən sonra da onu sənin nəslinə verəcəyəm».
13 Allah Yaqubla danışdığı yerdə onun yanından yuxarı çəkildi.
14 Yaqub Allahın onunla danışdığı yerdə bir sütun qoydu, üstünə içmə təqdimi səpdi və sonra üzərinə zeytun yağı tökdü.
15 Yaqub Allahın onunla danışdığı yerin adını Bet-El qoydu.
Rəhilənin və İshaqın ölümü
16 Onlar Bet-Eldən yola düşdülər. Efrata çatana yaxın Rəhilə doğdu. Onun doğuşu ağır oldu.
17 Doğuş zamanı ağrı çəkəndə mamaça ona dedi: «Qorxma, yenə də bir oğlun oldu».
18 O, ölüm ayağında can verərkən oğlunun adını Ben-Oni qoydu, ancaq atası onun adını Binyamin qoydu.
19 Rəhilə öldü və Efrata, yəni Bet-Lexemə gedən yolda basdırıldı.
20 Yaqub onun qəbri üstünə bir daş qoydu. O bu günə qədər Rəhilənin başdaşıdır.
21 İsrail yola düşdü və Eder qülləsinin o biri tərəfində çadır qurdu.
22 İsrail bu ölkədə yaşayanda Ruven gedib atasının cariyəsi Bilha ilə yatdı. İsrail bunu eşitdi.
23 Yaqubun on iki oğlu var idi. Leanın oğulları: Yaqubun ilk oğlu Ruven, Şimeon, Levi, Yəhuda, İssakar və Zevulun.
24 Rəhilənin oğulları: Yusif və Binyamin.
25 Rəhilənin qulluqçusu Bilhanın oğulları: Dan və Naftali.
26 Leanın qulluqçusu Zilpanın oğulları: Qad və Aşer. Yaqubun Paddan-Aramda doğulan oğulları bunlardır.
27 Yaqub Qiryat-Arbada, yəni Xevronda olan Mamreyə, atası İshaqın yanına gəldi. İbrahim və İshaq Mamredə qərib idilər.
28 İshaq yüz səksən il ömür sürdü.
29 O qocalıb yaşa dolaraq canını tapşırdı və ölüb əcdadlarına qoşuldu. Oğulları Esav və Yaqub onu basdırdılar.