PAULUN
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
GİRİŞ
Salonik Roma imperatorluğunun Makedoniya vilayətinin paytaxtı idi. Paul Filipini tərk edəndən sonra burada imanlı cəmiyyəti yaratdı. Amma Yəhudilər tezliklə Paulun Yəhudi olmayan xalqların arasında Müjdəni uğurla vəz etdiyini eşidib qısqandılar. Paul Saloniki tərk edib Veriyaya getməyə məcbur oldu. O, Korinfə çatanda öz həmkarı və əməkdaşı olan Timoteydən Salonik cəmiyyətindəki vəziyyət haqqında məktub aldı.
Paulun Saloniklilərə birinci məktubu oradakı məsihçiləri ruhlandırmaq üçün yazılıb. Paul bu məsihçilərin iman və məhəbbəti haqqında yeniliklər eşidib onlara minnətdarlığını bildirir, sonra onların arasında yaşayarkən sürdüyü həyat tərzini yadlarına salır. Paul cəmiyyətdə müzakirə olunan bu suallara cavab verir: Məsihin təkrar gəlişindən əvvəl dünyasını dəyişən imanlıların aqibəti necə olacaq? Məsih nə vaxt zühur edəcək? Paul onlara Məsihin gəlişinə qədər dinc yaşamağı, öz işləri ilə məşğul olmağı və hörmətəlayiq şəkildə həyat sürməyi məsləhət görür (4:11-12).
Kitabın məzmunu:
1:1-10 Saloniklilərin imanı
2:1-16 Paulun Salonikdəki xidməti
2:17–3:13 Salonikdən gələn xəbər
4:1-12 Məsihçi davranışına aid tövsiyələr
4:13–5:11 Məsihin zühuruna aid təlimat
5:12-28 Son öyüdlər və salamlar
1
*Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə* lütf və sülh olsun!
Nümunəvi iman
Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. *Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. 9-10 Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.
* 1:1 Həv. 17:1 * 1:1 Sizə – bəzi əlyazmalarda Atamız Allah və Rəbb İsa Məsihdən sizə. * 1:6 Həv. 17:5-9