13
Öyüd-nəsihətlər
1 Aranızda daimi qardaşlıq sevgisi olsun.
2 Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.
3 Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.
4 Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.
5 Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».
6 Buna görə biz arxayınlıqla deyirik:
«Rəbb mənə yardım edəndir, heç qorxmaram.
İnsan mənə nə edə bilər?»
7 Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.
8 İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
9 Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.
10 Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.
11 Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.
12 Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.
13 Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.
14 Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
15 Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
16 Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.
17 Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.
18 Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.
19 Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.
20 Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah
21 sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.
22 Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.
23 Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.
24 Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.
25 Hamınıza lütf olsun!