13
Rəbbin İsrailə qəzəbi
1 Efrayim danışanda hamı titrəyirdi.
İsraildə ucalmışdı,
Amma Baala tapınıb təqsir edəndə məhv oldu.
2 İndi günah üstünə günah edirlər,
Gümüşlərindən özlərinə tökmə bütlər,
Məharətlə düşünülmüş bütlər düzəldirlər.
Hamısı usta işidir.
«Qurban gətirən adamlar
Danaları öpsün!» deyirlər.
3 Buna görə də səhər dumanı,
Erkən uçub gedən şeh,
Xırmanda sovrulan saman çöpü,
Bacadan çıxan tüstü kimi olacaqlar.
4 «Ancaq Səni Misir torpağından çıxaran
Allahın Rəbb Mənəm.
Sən Məndən başqa allah tanımamalısan,
Çünki Məndən başqa xilaskar yoxdur.
5 Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.
6 Onları bəslədiyimə görə doydular,
Doyandan sonra onların ürəyi qürurlandı,
Buna görə də Məni unutdular.
7 Mən onlara bir aslan olacağam,
Bəbir kimi yol kənarında
Pusquda duracağam.
8 Balalarından məhrum olmuş ayı kimi
Onlara hücum çəkəcəyəm,
Ürəklərinin pərdəsini yırtacağam.
Dişi aslan kimi onları yeyib-qurtaracağam,
Vəhşi canavar onları parçalayacaq.
9 Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın
Səni ölümə aparır.
10 İndi padşahın haradadır ki,
Bütün şəhərlərində səni xilas etsin?
Hakimlərin haradadır?
Sən ki onlar barədə
“Mənə bir padşah və başçılar ver” deyirdin.
11 Qəzəb içində sənə padşah verdim,
Hiddətlənəndə onu apardım.
12 Efrayimin qəbahəti yığılıb,
Günahı qeydə alınıb.
13 Doğan qadının ağrıları ona çatır,
Amma o, ağılsız oğuldur.
Çünki vaxtı çatanda
Bətndən çıxmağa ləngiyir.
14 Mən onları ölülər diyarının
Əlindən satın alacağam,
Onları ölümdən xilas edəcəyəm.
Ey ölüm, bəlaların hanı?
Ey ölülər diyarı, həlakın hanı?
Gözümdə mərhəmət görünməyəcək.
15 Efrayim öz qardaşları arasında
Barlı-bəhərli olsa da,
Şərq yeli, səhradan qalxan
Rəbbin küləyi gələcək,
Onun bulağı quruyacaq,
Çeşməsinin suyu kəsiləcək.
Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
16 Samariya günahının cəzasını çəkəcək,
Çünki Allahına qarşı üsyankar oldu.
Onlar qılıncdan həlak olacaq.
Balaları yerə çırpılıb parçalanacaq,
Hamilə qadınlarının qarnı yarılacaq».