21
Babilin düşkünlüyü haqqında görüntü
Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq:
Cənubdan necə fırtınalar gəlirsə,
Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.
Dəhşətli görüntü mənə nazil oldu:
Xain xainlik edir, viranəçi viran edir.
Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!
Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.
 
Gördüklərimdən belimə sancı düşdü,
Doğan qadın tək məni ağrı tutdu.
Eşitdiklərimdən sarsıldım
Gördüklərimdən məni vahimə bürüdü.
Ürəyim əsir, dəhşət məni bürüyür.
Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.
Gördüyüm görüntüdə süfrə hazırlayırlar,
Xalçalar sərirlər,
Yeyib-içirlər.
Qalxın, ey sərkərdələr,
Qalxanları yağlayın!
 
Xudavənd mənə belə dedi:
«Get, gözətçi təyin et,
Qoy o gördüklərini danışsın.
Qoşa atlı döyüş arabalarına,
Atlara, eşşəklərə, dəvələrə minmiş
Adamları gördükdə çox diqqət edin».
 
Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,
Hər gecə yerimdə növbəmdə olaram.
* Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir».
Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!
Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».
10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!
İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.
Duma barəsində görüntü
11 Duma * barəsində xəbərdarlıq:
Bir nəfər Seirdən məni səsləyir:
«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?
Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»
12 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,
Lakin yenə gecə gələcək.
Soruşmaq istəsəniz, yenə gəlin soruşun».
Ərəbistan barəsində vəhy
13 Ərəbistan barəsində xəbərdarlıq:
Ey Dedan karvanları,
Ərəbistan meşələrində gecələyəcəksiniz!
14 Ey Tema sakinləri,
Susamışlara su gətirin!
Qaçıb qurtulanlara çörək verin!
15 Çünki onlar qılıncdan,
Sıyrılmış qılıncdan,
Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.
16 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. 17 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.
* 21:9 Yer. 51:8; Vəhy 14:8; 18:2 * 21:11 Duma – Edomun başqa adı.