5
Üzüm bağı haqqında nəğmə
* Sevgilimin üzüm bağı barəsində
Məhəbbət nəğməsini oxuyuram:
 
Torpağın məhsuldar bir təpəsində
Sevgilimin bir üzüm bağı var idi.
O, torpağı belləyib daşlardan təmizlədi,
Seçmə meynələr əkdi,
Ortada gözətçi qülləsi tikdi,
Üzümsıxan düzəltdi,
Üzümlüyün barını gözlədi,
Amma bağ cır üzüm gətirdi.
 
«İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar,
Ey Yəhuda adamları,
Mənimlə üzüm bağımın arasında hakim olun!
Bağım üçün daha nə etməliyəm?
Üzümlüyün barını gözləyərkən
Axı nə üçün bağım cır üzüm gətirsin?
İndi qoy mən sizə bağımla nə edəcəyimi bildirim:
Çəpərini sökəcəyəm və onu yeyib-dağıdacaqlar,
Hasarını yıxacağam və onlar tapdalanacaq.
Oranı viranəliyə çevirəcəyəm,
Oranı nə budayacaqlar, nə də belləyəcəklər.
Orada tikan və qanqal bitəcək,
Buludlara əmr edəcəyəm ki,
Üzərinə yağış yağmasın».
İsrail nəsli Ordular Rəbbinin üzüm bağıdır,
Yəhuda adamları isə Onun sevimli meynələridir!
O, ədalət gözləyirdi,
Budur, zorakılıq gördü,
O, salehlik gözləyirdi,
Budur, fəryadlar gördü!
İnsanların pis əməlləri
Yer qalmayana qədər evi evə,
Tarlanı tarlaya birləşdirənlərin vay halına!
Yaşamağa yer qoymamısınız,
Məgər bu ölkədə tək siz yaşayırsınız?
Ordular Rəbbi mənə belə eşitdirdi:
«Böyük və yaraşıqlı çoxlu evlər xaraba qalacaq,
İçində yaşayan olmayacaq.
10 Üzümlüyün on sahəsindən * bir bat şərab əldə ediləcək,
Bir xomer toxumdan bir efa taxıl əmələ gələcək».
 
11 Vay halına səhər erkən qalxıb içki ardınca düşənlərin,
Gecə yarısınadək şərab içib keflənənlərin!
12 Onların ziyafətlərində
Lira, çəng, dəf və ney çalınar,
Şərab içilər,
Lakin onlar Rəbbin gördüyü işlərə
Diqqət etməzlər, əməllərinə baxmazlar!
 
13 Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək,
Onun adlı-sanlı adamları acından öləcək,
Adi adamlar isə susuzluqdan yanacaq!
14 Ölülər diyarı həddindən artıq ağzını açıb
Doymaq bilmir.
Yerusəlimin adlı-sanlıları,
Adi adamları, səs-küylə əylənən insanları bu diyara enəcək.
15 Buna görə də hamı yerə səriləcək,
Hər kəs diz üstə çökdürüləcək,
Təkəbbürlü baxışlar alçaldılacaq.
16 Amma Ordular Rəbbi
Ədaləti ilə ucaldılacaq,
Müqəddəs Allah salehliyi ilə
Müqəddəsliyini göstərəcək.
17 Quzular öz otlaqlarındakı kimi otlayacaq,
Varlıların viranə qalan evlərini yadellilər alacaq.
 
18 Pisliyi yalanla hörülmüş iplərlə,
Günahı araba kəndirləri ilə çəkənlərin vay halına!
19 Onlar deyir: «Qoy Allah tələssin,
Öz əməlini tez həyata keçirsin, biz də görək.
Qoy İsrailin Müqəddəsinin niyyəti gerçək olsun ki, bunu bilək!»
20 Vay halına pisə yaxşı, yaxşıya pis söyləyənlərin,
Qaranlığı işıq, işığı qaranlıq sayanların,
Acıya şirin, şirinə acı deyənlərin!
21 Vay halına özlərini müdrik zənn edənlərin, ağıllı sayanların!
22 Vay halına şərab içməkdə qəhrəman,
İçkiləri qarışdırıb içməkdə pərgar olanların!
23 Vay halına rüşvət alıb təqsirkara bəraət qazandıranların,
Haqlıların haqqını əlindən alanların!
 
24 Beləliklə, alovun dili samanı necə yeyib-qurtarırsa,
Küləş od içində necə əriyib-gedirsə,
Onlar da köklərindən elə çürüyəcək,
Tumurcuqları toz kimi havaya sovrulacaq,
Çünki Ordular Rəbbinin qanununu rədd etdilər,
İsrailin Müqəddəsinin sözünə xor baxdılar.
25 Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı,
Əlini onlara qarşı uzadaraq onları vurdu.
Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı,
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
 
26 Rəbb uzaqda yaşayan millətləri
Bayraq işarəsi ilə,
Onları yer üzünün ucqarlarından
Fit səsi ilə səsləyəcək.
Tezliklə bu millətlər gələcək.
27 Aralarında yorulan, büdrəyən olmayacaq.
Onlar mürgüləməyəcək və yuxuya getməyəcək,
Belindəki kəmər açılmayacaq, ayaqqabı bağı qırılmayacaq.
28 Onların oxları iti, yayları da dartılmışdır.
Atların dırnaqları çaxmaq daşına bənzər,
Döyüş arabalarının təkərləri qasırğa kimidir.
29 Onların nərəsi bağıran şikarlarını qapıb aparan,
Kimsə onu əlindən ala bilməyən
Şirin, gənc aslanın nərəsinə bənzər.
30 O gün İsrailə qarşı onlar dənizin uğultusu kimi gurlayacaqlar.
Kim yerə baxarsa, budur, zülmət, dərd görəcək.
Axı işıq qara buludlarla örtülüb.
* 5:1 Mat. 21:33; Mark 12:1; Luka 20:9 * 5:10 On sahə – ibrani dilində on cüt öküzün bir gündə şumladığı torpaq sahəsi, təqribən 16 000 kvadrat metr.