9
Sülh Hökmdarı
* Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq.
Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı,
Gələcəkdə isə dənizkənarı yolu,
İordan çayının o biri tayını,
Müxtəlif millətlər yaşayan Qalileyanı
Şərəfə çatdıracaq.
* Zülmətdə yaşayan xalq
Möhtəşəm bir işıq gördü.
Ölüm kölgəsi diyarında məskunlaşanların
Üzərinə nur doğdu.
Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın,
Əkib-biçənlərin fərəhləndiyi,
Qənimət bölənlərin sevindiyi kimi
Onlar da Sənin hüzurunda sevindilər.
Çünki onlara yük olan boyunduruğunu,
Çiyinlərini döyən çomağını,
Onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən
Midyanlıların başlarına gətirdiyin gün kimi.
Döyüşdə geyilən çəkmələri,
Qana bulanmış geyimləri yandırılacaq,
Oda yem olacaq.
Çünki bizim üçün körpə doğuldu,
Bizə oğul verildi,
Hakimiyyət onun çiyinləri üzərində olacaq,
Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah,
Əbədi Ata, Sülh Hökmdarı olacaq.
* Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq,
O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək,
O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq.
Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Rəbbin İsrailə qarşı qəzəbi
İsrail üzərində həyata keçirilsin deyə
Rəbb Yaqub nəslinin əleyhinə xəbərdarlıq etdi.
Bütün xalq,
Efrayimin, Samariyanın sakinləri
Bunu biləcək.
Bu qürurlu, təkəbbürlü xalq belə deyir:
10 «Kərpic evlərimiz yıxıldı,
Amma əvəzinə yonma daşdan evlər tikərik.
Firon ənciri ağacları kəsildi,
Amma biz onların əvəzinə sidr ağacları əkərik».
11 Buna görə Rəbb Resinin düşmənlərini gücləndirəcək,
Yağılarını dirçəldəcək,
12 Aramlılar şərqdən,
Filiştlilər qərbdən
Ağızlarını açıb İsraili udacaq.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
 
13 Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi,
Ordular Rəbbini axtarmadı.
14 Buna görə Rəbb İsraildən başı, quyruğu,
Xurma ağacının budağını, qarğını bir gündə kəsib atacaq.
15 Baş – ağsaqqal və hörmətli şəxsdir,
Quyruq isə yalan təlim verən peyğəmbərdir.
16 Bu xalqa yol göstərənlər onları azdırır,
Onların ardınca gedənlər qırılır.
17 Buna görə də Xudavənd
Onların cavanlarına görə sevinməyəcək,
Yetimlərin və dul qadınların halına yanmayacaq.
Çünki hamı allahsızdır,
Şər işlər görür,
Hamının ağzından axmaq kəlmələr çıxır.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
 
18 Ona görə pislik alovlanıb-yanır,
Tikanla qanqalı yandırıb-yaxır,
Meşədəki kolluqlar məhv olur,
Tüstü sütunları qalxır.
19 Ordular Rəbbinin qəzəbi
Ölkəni od kimi yandırdı,
Xalqı alov yandırıb-yaxır,
Qardaş qardaşa rəhm etmir.
20 Adamlar orada-burada tapdıqlarını yeyəcək,
Amma doymayıb ac qalacaq.
Hər kəs öz uşağının ətini yeyəcək.
21 Menaşşe Efrayimi yeyəcək,
Efrayim Menaşşeni.
Sonra birlikdə Yəhudaya hücum edəcəklər.
Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi,
Əli hələ də cəzalandırmağa hazır idi.
 
* 9:1 Mat. 4:14-15 * 9:2 Mat. 4:16; Luka 1:79 * 9:7 Luka 1:32-33