YƏHUDANIN MƏKTUBU
GİRİŞ
«Yəhudanın Məktubu» özlərini imanlı adlandıran yanlış təlim yayan müəllimlərə qarşıdır. Bu qısa məktub məzmunca Peterin ikinci məktubuna yaxındır. Müəllif burada imanlıları «əmanət edilən iman uğrunda mübarizə aparmağa» (1:3) çağırır.
Kitabın məzmunu:
1:1-2 Salamlama
1:3-16 Səhv təlim yayanların məhkumiyyəti
1:17-25 Xəbərdarlıq və nəsihətlər
1
*İsa Məsihin qulu, Yaqubun qardaşı mən Yəhudadan Ata Allahın sevdiyi,* İsa Məsih üçün qorunmuş olan çağırılanlara salam! Mərhəmət, sülh və məhəbbət sizə bol-bol verilsin!
Günah və məhkumiyyət
(2Pet. 2:1-22)
Sevimlilər, ümumi xilasımızla bağlı sizə yazmağa çox səy göstərirdim. Bu arada müqəddəslərə ilk və son dəfə əmanət edilən iman uğrunda mübarizə aparmağa sizi həvəsləndirmək üçün sizə yazmağı özümə borc bildim. Çünki Allahımızın lütfünü pozğunluq üçün bəhanələrə çevirən, yeganə Pərvərdigarı – Rəbbimiz İsa Məsihi inkar edən bəzi allahsız adamlar gizlicə aranıza girdilər. Onların mühakiməyə uğrayacaqları çoxdan yazılmışdır.
*Bütün bunları bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, ilk və son dəfə xalqı Misirdən xilas edən Rəbb sonra iman etməyənləri məhv etdi. *Öz başçılıqlarını saxlamayan, məskunlaşdığı yerləri tərk edən mələkləri də böyük qiyamət günü§ üçün əbədi zəncirlərlə bağlayaraq zülmətdə saxlamışdı. *Sodom, Homorra və ətrafdakı şəhərlər də özlərini buna bənzər tərzdə cinsi əxlaqsızlığa və qeyri-təbii münasibətlərə təslim etdilər; sonra bu şəhərlər əbədi odla yandırılma cəzasını çəkərək bir nümunə oldu.
Eyni şəkildə aranıza girən bu röyagörənlər də öz cismini murdar edir, ağalığı rədd edir, ehtişamlı varlıqlara şər atırlar. *Hətta baş mələk Mikael də Musanın cəsədi barəsində iblisin əleyhinə çıxıb ona şər söyləyərək hökm verməyə cəsarət etmədi, ancaq «Qoy Rəbb sənə qadağan etsin!» dedi. 10 Amma bu adamlar başa düşmədikləri hər şeyə şər atırlar. Onlar dərrakəsiz heyvanlar kimi qeyri-iradi surətdə nə anlayırlarsa, bunlarla məhv olurlar. 11 *Vay onların halına! Çünki onlar Qabilin yolu ilə getdilər. Qazanca görə özlərini Bilamın yalanına düçar etdilər. Qorah kimi üsyan qaldırdıqları üçün həlak oldular. 12 Belə adamlar sizin məhəbbət süfrələrinizi ləkələyirlər. Onlar sizinlə birlikdə yeyib-içərək qorxmadan özlərini bəsləyirlər. Bunlar küləklərin tərpətdiyi susuz buludlardır. Payızda meyvə vermədiyi üçün kökündən qoparılmış və iki dəfə ölmüş ağaclardır. 13 Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır.
14 *Adəmlə birlikdə yeddinci nəsil sayılan Xanok da bu adamlara aid peyğəmbərlik edərək demişdir: «Budur, Rəbb saysız-hesabsız müqəddəs mələkləri ilə gəldi ki, 15 hamını mühakimə etsin və** Allaha qarşı gördükləri allahsız işlər və allahsız günahkarların Özünə qarşı inadkarcasına dedikləri bütün sözlər üçün məhkum etsin». 16 Bu adamlar deyinərək öz talelərindən gileylənirlər. Onlar öz ehtiraslarına uyğun hərəkət edirlər. Ağızlarından lovğa sözlər çıxır və öz xeyirlərinə görə yaltaqlanırlar.
Xəbərdarlıq və nəsihətlər
17 Amma siz, ey sevimlilər, Rəbbimiz İsa Məsihin həvarilərinin əvvəlcədən söylədikləri sözləri xatırlayın. 18 *Onlar sizə dedilər: «Axır zamanda öz allahsız ehtiraslarına görə hərəkət edən rişxəndçilər ortaya çıxacaq». 19 Bunlar ayrılıq salan, öz təbiətinə əsir olan, Ruha malik olmayan insanlardır. 20 Siz isə, sevimlilər, özünüzü ən müqəddəs olan imanınızın təməli üzərində inkişaf etdirin və Müqəddəs Ruhun idarəsi ilə dua edin. 21 Rəbbimiz İsa Məsihin əbədi həyata aparan mərhəmətini gözləyərək özünüzü Allah məhəbbətində qoruyun. 22 Şübhə edən adamlara qarşı mərhəmətli olun;†† 23 başqalarını oddan qaparaq xilas edin; digərlərinə isə mərhəmət edin.‡‡ Amma qorxu içində cismin ləkələdiyi paltardan belə, çəkinin.
24 Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan 25 Xilaskarımız, yeganə§§ Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
* 1:1 Mat. 13:55; Mark 6:3 * 1:1 Allahın sevdiyi – bəzi əlyazmalarda Allahda təqdis edilib. 1:4 Rəbbimiz – bəzi əlyazmalarda Allahımız və Rəbbimiz. * 1:5 Çıx. 12:51; Say. 14:28-30 1:5 Bütün … xalqı – bəzi əlyazmalarda Bütün bunları başdan-başa bildiyiniz halda sizə xatırlatmaq istəyirəm ki, xalqı. * 1:6 Yar. 6:1-4 § 1:6 Böyük qiyamət günü – hərfi tərcümədə böyük günün mühakiməsi. * 1:7 Yar. 19:1-24 * 1:9 Qanun. 34:6; Dan. 10:13,21; 12:1; Zək. 3:2; Vəhy 12:7 * 1:11 Yar. 4:3-8; Say. 16:1-35; 22:1-35 * 1:14 Yar. 5:18,21-24 ** 1:15 – bəzi əlyazmalarda və bütün allahsız adamları. * 1:18 2Pet. 3:3-4 †† 1:22 Qərarsız adamlara qarşı mərhəmətli olun – bəzi əlyazmalarda Dərrakəli olaraq bəzilərinə qarşı mərhəmətli olun. ‡‡ 1:23 Digərlərinə isə mərhəmət edin – bəzi əlyazmalarda bu sözlər yoxdur. §§ 1:25 Yeganə – bəzi əlyazmalarda yeganə və müdrik (Rom. 16:27).