4
Devora və Baraqın İsraili xilas etməsi
1 Ehud öləndən sonra İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər gördülər.
2 Buna görə də Rəbb onları Xasorda padşahlıq edən Kənan padşahı Yavinə təslim etdi. Yavinin ordu başçısı Sisra idi. O, Xaroşet-Haqqoyimdə yaşayırdı.
3 İsrail övladları Rəbbə fəryad etdilər, çünki doqquz yüz dəmir döyüş arabasına malik olan Yavin iyirmi il idi ki, İsrail övladlarına zülm edib əziyyət verirdi.
4 O vaxtlar Lappidotun arvadı peyğəmbər Devora İsraildə hakimlik edirdi.
5 Bu qadın Efrayimin dağlıq bölgəsində Rama ilə Bet-El arasında olan Devoranın xurma ağacı altında yaşayırdı. İsrail övladları da hökm çıxarmaq üçün onun yanına qalxırdılar.
6 Devora adam göndərib Naftali bölgəsində Qedeş şəhərindən Avinoam oğlu Baraqı çağırıb dedi: «İsrailin Allahı Rəbb sənə əmr etdi ki, yanına Naftali və Zevulun övladlarından on min nəfər kişini alıb Tavor dağına aparasan.
7 Mən də Yavinin ordu başçısı Sisranı və onun döyüş arabaları ilə əsgərlərini yolundan döndərib Qişon çayına – sənin yanına gətirəcəyəm və sənə təslim edəcəyəm».
8 Baraq Devoraya dedi: «Əgər sən mənimlə bərabər getsən, mən də gedəcəyəm, yox, əgər mənimlə bir getməsən, mən də getməyəcəyəm».
9 Devora dedi: «Mən mütləq səninlə bir gedəcəyəm, amma bunu da bil ki, getdiyin yolun şöhrəti sənin olmayacaq, çünki Rəbb Sisranı bir qadına təslim edəcək». Devora ayağa qalxdı və Baraqla birgə Qedeşə getdi.
10 Baraq Zevulun və Naftali övladlarını Qedeşə topladı və on min nəfər kişi onun ardınca getdi. Devora da Baraqla birgə yola düşdü.
11 Qenli Xever, Musanın qaynı Xovavın nəslindən olan o biri Qenlilərdən ayrılmışdı. O, Qedeş yaxınlığında, Saanayimdəki palıd ağacının yanında öz çadırını qurmuşdu.
12 Sisraya xəbər çatdı ki, Avinoam oğlu Baraq Tavor dağına çıxıb.
13 Sisra doqquz yüz dəmir arabadan ibarət bütün döyüş arabalarını və yanındakı bütün xalqı Xaroşet-Haqqoyimdən Qişon çayına topladı.
14 Devora Baraqa dedi: «Qalx, çünki Rəbbin Sisranı təslim etdiyi gün bu gündür. Sənin qarşında gedən Rəbb deyilmi?» Baraq da arxasınca gələn on min nəfər kişi ilə birgə Tavor dağından endi.
15 Rəbb Sisranı və bütün döyüş arabaları ilə ordusunu Baraqın qarşısında qılıncdan keçirərək məğlub etdi. Sisra isə öz döyüş arabasından düşüb qaçdı.
16 Baraq Xaroşet-Haqqoyimə qədər onların döyüş arabaları ilə ordusunu qovdu. Sisranın bütün ordusu qılıncdan keçirildi və heç kim sağ qalmadı.
17 Sisra Qenli Xeverin arvadı Yaelin çadırına qaçdı, çünki Xasor padşahı Yavinlə Qenli Xever arasında sülh var idi.
18 Yael Sisranı qarşılamaq üçün bayıra çıxıb dedi: «Gəl içəri, ağam, qorxma, bizə gəl». Sisra onun çadırına girdi və qadın onun üstünü kilimlə örtdü.
19 Sisra qadına dedi: «Susamışam, rica edirəm, mənə bir içim su ver». Qadın süd tuluğunu açıb ona süd içirtdi və üstünü örtdü.
20 Sisra qadına dedi: «Çadırın qapısında dayan, əgər bir adam gəlib səndən “Burada kimsə varmı?” deyə soruşsa, deyərsən ki, yox».
21 Lakin Xeverin arvadı Yael əlinə bir çadır payası və bir də toxmaq götürüb yavaş-yavaş ona yaxınlaşdı. Sisra isə çox yorulduğundan dərin yuxuya getmişdi. Yael çadır payasını onun gicgahına zərblə elə vurdu ki, paya onun başından keçib yerə girdi və Sisra belə öldürüldü.
22 Bu vaxt Baraq Sisranın izinə düşmüşdü. Yael onun qarşısına çıxıb dedi: «Gəl, axtardığın adamı sənə göstərim». O, Yaellə birgə çadıra girəndə gördü ki, Sisra gicgahında paya ölüb yerə sərilmişdir.
23 Beləcə o gün Allah Kənan padşahı Yavini İsrail övladlarına tabe etdi.
24 İsrail övladlarının əli Kənan padşahı Yavinə qarşı get-gedə qüvvətləndi və axırda Kənan padşahı Yavini məhv etdi.