10
Yaxşı çoban
Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. Amma qapıdan girən qoyunların çobanıdır. Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar.
İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10 Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11 Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12 Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13 Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14-15 *Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16 Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.
17 Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18 Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».
19 Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20 Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21 Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»
Yəhudilərin İsa ilə mübahisəsi
22 O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 23 İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 24 Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 25 İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 26 Amma siz inanmırsınız, çünki* Mənim quzularımdan deyilsiniz. 27 Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 28 Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 29 Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 30 Mən və Ata birik».
31 Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 32 İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 33 *Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 34 *İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 35 Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 36 Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 37 Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 38 Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 39 Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı.
40 *İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 41 Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 42 Bir çox adam da orada İsaya iman etdi.
* 10:14-15 Mat. 11:27; Luka 10:22 * 10:26 Çünki – bəzi əlyazmalarda çünki sizə dediyim kimi. * 10:33 Lev. 24:16 * 10:34 Zəb. 82:6 * 10:40 Yəh. 1:28