15
Yəhuda xalqının məhvi
1 Rəbb mənə dedi: «Musa ilə Şamuel önümdə dursalar da, yenə ürəyim bu xalqa tərəf yönəlməz. Onları qarşımdan rədd et ki, getsinlər.
2 Sənə “Hara gedək?” dedikləri zaman onlara söylə ki, Rəbb belə deyir:
“Vəba üçün ayrılanlar vəbaya,
Qılınc üçün ayrılanlar qılınca,
Aclıq üçün ayrılanlar aclığa,
Sürgün üçün ayrılanlar sürgünə”.
3 Rəbb bəyan edir: “Onların başına dörd növ bəla gətirəcəyəm: öldürmək üçün qılıncı, parçalamaq üçün itləri, yeyib həlak etmək üçün göydəki quşları və yerdəki heyvanları.
4 Yəhuda padşahı Xizqiya oğlu Menaşşeyə, onun Yerusəlimdə etdiyi işlərə görə onları yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam”.
5 Ey Yerusəlim, bəs sənə kim acıyacaq?
Sənin üçün kim yas tutacaq?
Halını soruşmaq üçün
Kim yolundan dönüb sənin yanına gələcək?
6 Rəbb bəyan edir: “Sən Məni rədd etdin,
Geri çəkildin.
Mən də əlimi uzadıb səni məhv edirəm.
Daha bağışlamaqdan yoruldum.
7 Onları ölkənin şəhər darvazalarında
Kürəklə sovurdum,
Xalqımı övladsız qoydum,
Onları məhv etdim.
Çünki yollarından dönmədilər.
8 Mənim önümdə onların dul qadınlarının sayı
Dəniz qumundan da çox oldu.
Günorta çağı
Cavanlarının analarını ağlar qoymaq üçün
Məhv edəni gətirdim.
Qəflətən onları qorxu və dəhşətə saldım.
9 Yeddi uşaq doğan qadın zəifləyib can verdi,
Onun günəşi günorta çağı batdı,
Utanıb alçaldı.
Onlardan sağ qalanlarını
Düşmənlərinin önündə
Qılınca təslim edəcəyəm”»
Rəbb belə bəyan edir.
10 Vay mənim halıma!
Ey anam, sən məni bütün ölkə ilə
Mübahisə və dava etmək üçün doğmusan!
Mən heç kəsə sələm vermədim,
Heç kəs də mənə sələm vermədi.
Ancaq hamı məni lənətləyir.
11 Rəbb dedi:
«Bundan sonra mütləq səni
Xeyir üçün xilas edəcəyəm.
Bəla və kədər vaxtı düşmənlərini
Sənə yalvarmağa məcbur edəcəyəm.
12 Dəmiri, şimaldan gələn dəmiri və tuncu
Kim qıra bilər?
13 Sənin sərvətini və xəzinələrini
Qarət malı kimi başqalarına havayı verəcəyəm.
Bunu ölkənin hər tərəfində
Sənin günahlarından ötrü edəcəyəm.
14 Mən səni tanımadığın ölkədə
Düşmənlərinə qul edəcəyəm.
Çünki qəzəbim od tutub
Sizi yandıracaq».
15 Sən bilirsən, ya Rəbb!
Məni yada sal və qayğıma qal.
Məni təqib edənlərdən qisasımı al,
Səbirli olduğuna görə məni həlak etmə.
Bil ki, Sənin üçün rüsvay oldum.
16 Sözlərini tapıb yedim,
Sözlərin mənə sevinc və ürəyimə şadlıq gətirdi.
Çünki Sənə məxsusam,
Ey Ordular Allahı Rəbb!
17 Kef çəkənlərin məclisində oturaraq
Sevinib coşmadım,
Əlin üzərimdə olduğuna görə
Tək-tənha oturdum.
Çünki məni qəzəblə doldurmuşdun.
18 Nə üçün ağrım kəsilməz,
Yaram çarəsizdir,
Şəfasına ümid yoxdur?
Məgər mənim üçün suyu qurumuş,
Etibarsız bir vadi olacaqsan?
19 Buna görə Rəbb belə deyir:
«Əgər sən tövbə etsən,
Səni yenə qəbul edib xidmətimə təyin edərəm.
Əgər cəfəngiyat danışmaq əvəzinə
Qiymətli sözlər söyləsən,
O zaman Mənim dilimlə danışacaqsan.
Onlar özləri sənə tərəf dönəcək,
Amma sən onlara tərəf qayıtmayacaqsan.
20 Səni bu xalq üçün
Möhkəm tunc bir divar edəcəyəm.
Sənə qarşı döyüşəcəklər,
Ancaq qalib gələ bilməyəcəklər.
Çünki Mən səninlə olacağam ki,
Səni qurtarıb azad edim»
Rəbb belə bəyan edir.
21 «Səni pis adamların əlindən azad edəcəyəm,
Zülmkarların pəncəsindən satın alacağam».