22
Şərq qəbilələrinin qayıtması
1 O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi:
2 «Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız.
3 Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz.
4 Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın.
5 Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin».
6 Yeşua onlara xeyir-dua verib yola saldı və onlar çadırlarına qayıtdılar.
7 Musa Başanda Menaşşe qəbiləsinin yarısına irs torpağı vermişdi. Yeşua isə İordan çayının qərb tərəfində bu qəbilənin o biri yarısına soydaşları arasında irs torpağı verdi. Yeşua onları çadırlarına göndərən zaman xeyir-dua verdi.
8 Onlara belə dedi: «İndi öz çadırlarınıza çoxlu var-dövlətlə qayıdırsınız. Özünüzə xeyli heyvan, qızıl-gümüş, tunc, dəmir və çoxlu paltar götürmüsünüz. Düşmənlərinizdən qarət etdiyiniz bu malı soydaşlarınıza paylayın».
9 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı Kənan torpağındakı Şilodan, İsrail övladlarının yanından qayıtdılar. Onlar Rəbbin əmrinə görə Musa vasitəsilə sahib olduqları Gilead torpağına – mülk olaraq onlara verilən torpağa yola düşdülər.
İordan çayının o tayında qoyulmuş qurbangah barədə mübahisə
10 Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular.
11 İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub».
12 İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar.
13 İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası,
14 onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi.
15 Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi:
16 «Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz?
17 Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki,
18 bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək.
19 Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin.
20 Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».
21 Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər:
22 «Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun!
23 Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin.
24 Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə?
25 Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər.
26 Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil,
27 bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər.
28 Biz dedik: “Sabah bizə yaxud nəsillərimizə belə desələr, biz də belə cavab verərik ki, atalarımızın qurduğu Rəbbin qurbangahının surətinə baxın. Bu yandırma qurbanlar və başqa qurbanlar üçün deyil, yalnız sizinlə bizim aramızda şahid olmaq üçündür”.
29 Rəbbə qarşı üsyan etmək, bu gün Rəbbin yolundan dönmək, yandırma qurbanı, taxıl təqdimləri, başqa qurbanlar üçün Allahımız Rəbbin məskəni qarşısında olan Öz qurbangahından başqa qurbangah qurmaq qoy bizdən uzaq olsun».
30 Kahin Pinxas, onunla birgə olan icma rəhbərləri, yəni İsrail tayfalarının başçıları Ruven övladlarının, Qad övladlarının və Menaşşe övladlarının söylədiklərini eşidəndə bu sözləri bəyəndilər.
31 Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladlarına, Qad övladlarına və Menaşşe övladlarına dedilər: «Bu gün bildik ki, Rəbb aramızdadır, çünki Ona qarşı bu xəyanəti etmədiniz və İsrailliləri Rəbbin əlindən qurtardınız».
32 Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladları və Qad övladlarının yanından, Gilead torpağından Kənan torpağına İsrail övladlarının yanına qayıdıb onlara xəbər gətirdilər.
33 Bu işi İsrail övladları da bəyəndilər. Onlar Allaha şükür etdilər və Ruven övladlarına, Qad övladlarına qarşı müharibə etmək və onların yaşadıqları ölkəni viran etmək fikrindən döndülər.
34 Ruven övladları və Qad övladları qurbangahın adını «Şahid» qoydular. Çünki onlar dedi: «Bu qurbangah Rəbbin Allah olduğuna aramızda şahiddir».