19
Padşah Xizqiyanın Yeşayadan məsləhət alması
(Yeş. 37:1-7)
1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.
2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.
3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.
4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».
5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə
6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.
7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
Aşşur padşahının məktubu
(Yeş. 37:8-20)
8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.
9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi:
10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.
11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?
12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı?
13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.
15 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.
16 Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as.
17 Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər,
18 allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər.
19 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
Aşşurluların məğlubiyyəti barədə Yeşayanın peyğəmbərlik etməsi
(Yeş. 37:21-38)
20 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”.
21 Onun haqqında Rəbbin söylədiyi söz budur:
“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
22 Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?
İsrailin Müqəddəsinə!
23 Qasidlərinin vasitəsilə
Rəbbi təhqir edib dedin:
‹Çoxlu döyüş arabalarımla
Dağların zirvəsinə,
Livanın ən uca yerlərinə çıxdım.
Uca sidr ağaclarını,
Gözəl sərv ağaclarını kəsdim,
Ən son məskəninə,
Yaşıl meşələrinə girdim.
24 Quyu qazdım və özgə sularını içdim,
Misirin bütün çaylarını ayağımla qurutdum›.
25 Məgər eşitməmisən ki,
Mən çoxdan bu işi hazırladım,
Qədimdən bəri müəyyən etdiyimi
İndi yerinə yetirirəm ki,
Sən qalalı şəhərləri dağıdıb
Viranəliyə çevirəsən.
26 Bu şəhərlərin sakinləri zəiflədi,
Çaşqınlığa və xəcalətə düşdülər.
Yetişməmişdən əvvəl yandırılan
Çöl otu, göyərti və damda bitən ot kimi oldular.
27 Sənin oturuşunu,
Girişini-çıxışını,
Mənə qarşı hiddətini bilirəm.
28 Mənə qarşı hiddətləndiyinə görə,
Lovğalığın qulağıma çatdığına görə
Halqamı burnuna və yüyənimi ağzına taxacağam,
Səni gəldiyin yolla geri qaytaracağam.
29 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!
Bu il və gələn il özü yetişən barını,
Üçüncü il isə taxıl zəmilərini,
Üzüm bağları salıb onların bəhrəsini yeyin.
30 Yəhuda nəslindən xilas olub qalanlar
Yenə aşağıya doğru kök atacaqlar,
Yuxarıya doğru bəhrə verəcəklər.
31 Çünki qalanlar Yerusəlimdən,
Xilas olanlar Sion dağından çıxacaqlar.
Rəbbin qeyrəti bunu edəcək”.
32 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:
“O bu şəhərə girməyəcək,
Oraya ox atmayacaq,
Qarşısına qalxanla çıxmayacaq,
Qala önündə torpaq qalağı qurmayacaq.
33 Ancaq gəldiyi yolla geri qayıdacaq,
Bu şəhərə girməyəcək”
Rəbb belə bəyan edir.
34 “Mən bu şəhəri Özüm üçün,
Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
35 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.
36 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.
37 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.