11
Dua haqqında təlim
(Mat. 6:9-13; 7:7-11)
İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət». İsa onlara dedi: «Dua edəndə belə deyin:
Göylərdə olan Atamız,
Adın müqəddəs tutulsun,
Padşahlığın gəlsin.
Göydə olduğu kimi yerdə də Sənin iradən olsun.*
Gündəlik çörəyimizi bizə hər gün ver.
Bizə borclu olan hər adamı bağışladığımıza görə
Bizim günahlarımızı da bağışla.
Bizi sınağa çəkmə».
Sonra İsa onlara dedi: «Məsələn, sizlərdən birinin bir dostu var. O da gecə yarısı dostunun yanına gedib deyir: “Dostum, mənə üç kömbə çörək borc ver, çünki yanıma dostum gəlib, qabağına qoyacaq heç nəyim yoxdur”. Dostu da içəridən belə cavab verir: “Məni narahat etmə. Qapı artıq qıfıllıdır, uşaqlarım yanımda yatıb, mən durub sənə bir şey verə bilmərəm”. Sizə deyim ki, o həmin adamla dost olduğu halda vermək istəməsə də, təkidlə xahiş etdiyinə görə qalxıb nə qədər ehtiyacı olsa, ona verəcək.
Mən sizə bunu deyirəm: diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 10 Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 11 Aranızdan hansı ata oğlu ondan balıq diləsə, ona balıq yerinə ilan verər? 12 Yaxud yumurta diləsə, ona əqrəb verər? 13 Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göydə olan Atanın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!»
İsa və Baal-Zevul
(Mat. 12:22-30; Mark 3:20-27)
14 İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi. 15 *Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». 16 *Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
17 Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. 18 Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. 19 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 20 Lakin Mən cinləri Allahın qüdrəti§ ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 21 Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. 22 Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. 23 *Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
24 Natəmiz ruh adamdan çıxdıqdan sonra quraq yerlərdə dolaşar, rahatlıq axtarar, lakin tapmaz. O zaman deyər: “Çıxdığım evə dönüm”. 25 Evə qayıdanda onu süpürülmüş və səliqə-sahman içində görər. 26 Bu vaxt o gedib özündən daha betər yeddi başqa ruhu götürər. Onlar da oraya girib məskunlaşar. Onda bu adamın axırı əvvəlkindən daha pis olar».
27 İsa bunu deyərkən bir qadın camaatın arasından uca səslə Ona dedi: «Səni bətnində daşıyan və Səni əmizdirən nə bəxtiyardır!» 28 Amma İsa dedi: «Daha doğrusu, Allahın kəlamını eşidib ona riayət edənlər nə bəxtiyardır!»
Yunus peyğəmbərin əlaməti
(Mat. 12:38-42)
29 *Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. 30 *Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. 31 *Cənub mələkəsi** qiyamət günündə†† bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. 32 *Nineva xalqı qiyamət günündə‡‡ bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.
Bədənin çırağı
(Mat. 6:22-23)
33 *Heç kim çırağı yandırıb onu gizli yerə yaxud da qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər.
34 Bədəninin çırağı gözündür. Gözün sağlam olanda bütün bədənin də nurlu olur. Gözün zəif görəndə isə bütün bədənin də qaranlıq olur. 35 Beləliklə, diqqət et ki, səndəki “nur” qaranlıq olmasın. 36 Əgər sənin bütün bədənin nurlu olub heç bir yerdə qaranlıq qalmırsa, çıraq sənə öz nuru ilə işıq saçdığı kimi bədənin də tamamilə nurlu olacaq».
Vay halınıza!
(Mat. 23:1-36)
37 İsa bunları deyib qurtaranda fariseylərdən biri Onu evinə yeməyə dəvət etdi. O da içəri girib süfrəyə oturdu. 38 İsanın yeməkdən əvvəl yuyunmadığını görən farisey heyrətləndi. 39 Lakin Rəbb ona dedi: «İndi siz fariseylər kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. 40 Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? 41 Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar.
42 *Vay halınıza, ey fariseylər! Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz.
43 Vay halınıza, ey fariseylər! Sinaqoqlarda baş kürsüləri tutmağı və bazar meydanlarında salam almağı sevirsiniz.
44 Vay halınıza! Çünki siz insanların xəbəri olmadan üstündən keçdikləri itmiş qəbirlərə oxşayırsınız».
45 Qanunşünaslardan biri İsaya cavab verdi: «Müəllim, sən bunları deməklə bizi də təhqir edirsən». 46 İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz.
47 Vay halınıza! Çünki peyğəmbərlərə məqbərələr tikirsiniz, amma onları sizin ata-babalarınız öldürdülər! 48 Beləliklə, siz ata-babalarınızın etdiklərinə şahidlik edib bəyənirsiniz. Çünki onlar peyğəmbərləri öldürüb, sizsə onlara məqbərələr tikirsiniz. 49 Buna görə də Allahın hikməti belə demişdi: “Mən onlara peyğəmbərlər və həvarilər göndərəcəyəm, onların bəzisini öldürüb, bəzisini isə təqib edəcəklər”. 50-51 *Beləcə bu nəsil dünya yaranandan bəri Habilin qanından tutmuş qurbangahla məbədin arasında öldürülmüş Zəkəriyyənin qanına qədər bütün peyğəmbərlərin tökülən qanı üçün məsuliyyət daşıyacaq. Bəli, Mən sizə deyirəm: onun üçün bu nəsil məsuliyyət daşıyacaq.
52 Vay halınıza, ey qanunşünaslar! Çünki bilik qapısının açarlarını götürmüsünüz. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz».
53 İsa oradan çıxanda ilahiyyatçılarla fariseylər ona çox təzyiq göstərərək bir çox məsələlər barədə Onu sorğu-suala tutmağa başladılar. 54 Onlar fürsət axtarırdılar ki, İsanın ağzından çıxan bir sözlə Onu tələyə salsınlar.
* 11:2 Göylərdə olan Atamız … olsun – ən qədim yunan əlyazmalarında Ata, adın müqəddəs tutulsun, Padşahlığın gəlsin (Mat. 6:9-10). 11:4 Çəkmə – bəzi əlyazmalarda çəkmə, lakin bizi şər olandan xilas et (Mat. 6:13). 11:11 Balıq diləsə – bəzi əlyazmalarda çörək diləsə, ona daş verər? Ya da balıq diləsə (Mat. 7:9). * 11:15 Mat. 9:34; 10:25 * 11:16 Mat. 12:38; 16:1; Mark 8:11 § 11:20 Qüdrəti – hərfi tərcümədə barmağı. * 11:23 Mark 9:40 * 11:29 Mat. 16:4; Mark 8:12 * 11:30 Yun. 3:4 * 11:31 1Pad. 10:1-13; 2Saln. 9:1-12 ** 11:31 Cənub mələkəsi – yəni Süleymanın yanına gələn Səba mələkəsi. †† 11:31 Qiyamət günündə – hərfi tərcümədə mühakimədə. * 11:32 Yun. 3:5 ‡‡ 11:32 Qiyamət günündə – hərfi tərcümədə mühakimədə. * 11:33 Mat. 5:15; Mark 4:21; Luka 8:16 * 11:42 Lev. 27:30 * 11:50-51 Yar. 4:8; 2Saln. 24:20-21