2
İsanın doğulması
(Mat. 1:18-25)
1 O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi.
2 Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi.
3 Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı.
4 Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı.
5 O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi.
6 Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.
7 O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.
Mələklər çobanlara xoş xəbər verir
8 O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi.
9 Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü.
10 Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm.
11 Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.
12 Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız».
13 Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:
14 «Ən ucalarda Allaha izzət,
Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»
15 Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək».
16 Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar.
17 Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər.
18 Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi.
19 Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı.
20 Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.
İsanın sünnəti və Allaha həsr edilməsi
21 Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.
22 Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər,
23 necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın».
24 Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».
Şimeonun Allaha alqış duası
25 O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi.
26 Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək.
27 Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə
28 Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:
29 «Ey Pərvərdigar, indi Sənin sözünə görə
Mən – Sənin qulun arxayın ölə bilərəm.
30-32 Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,
Millətlərə aşkar edən nuru,
Xalqın İsrail üçün də izzəti
Öz gözlərimlə gördüm».
33 Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.
34 Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.
35 Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq».
Xannanın peyğəmbərliyi
36 Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı.
37 Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.
38 Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı.
Nazaretə qayıtma
39 Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı.
40 Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
Yeniyetmə İsa məbəddə
41 Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.
42 İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər.
43 Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.
44 Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar.
45 Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar.
46 Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi.
47 Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı.
48 Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq».
49 İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»
50 Amma onlar Onun nə demək istədiyini başa düşmədilər.
51 Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.
52 İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və insanların qarşısında lütf qazanırdı.