15
Xəstəliyə görə bədən axıntıları
1 Rəbb Musaya və Haruna dedi:
2 «İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın.
3 Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır.
4 Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın.
5 Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın.
6 Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
7 Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
8 Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın.
9 Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın.
10 Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun.
11 Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
12 Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun.
13 Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın.
14 Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin.
15 Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin.
Cinsi axıntı
16 Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın.
17 Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın.
18 Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın.
Qadınların qanaxması
19 Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın.
20 Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın.
21 O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın.
22 O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.
23 Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın.
24 Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın.
25 Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın.
26 Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın.
27 Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın.
28 Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın.
29 Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin.
30 Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin.
31 Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”».
32 Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün,
33 aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür.