14
Yəhyanın edamı
(Mark 6:14-29; Luka 9:7-9)
1 O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi.
2 Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».
3 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı.
4 Çünki Yəhya Hiroda demişdi: «Hirodiyanı almaq sənə qadağandır».
5 Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.
6 Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi.
7 O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək.
8 Qız isə anasının təhriki ilə dedi: «Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver».
9 Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər.
10 Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu.
11 Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı.
12 Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər.
İsa beş min nəfəri doydurur
(Mark 6:30-44; Luka 9:10-17; Yəh. 6:1-14)
13 İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi.
14 İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi.
15 Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar».
16 Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin».
17 Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur».
18 İsa «onları buraya, Mənə gətirin» dedi.
19 Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar.
20 Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar.
21 Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.
İsa suyun üstü ilə yeriyir
(Mark 6:45-53; Yəh. 6:15-21)
22 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə keçsinlər.
23 İsa camaatı göndərəndən sonra dua etmək üçün tək-tənha dağa çıxdı. Axşam olanda orada tək idi.
24 Qayıq isə artıq qurudan çox stadi uzaqda idi və külək onlara qarşı olduğundan dalğalar qayığa zərbələr endirirdi.
25 Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi.
26 Şagirdlər isə İsanın gölün üstü ilə yeridiyini görəndə «Bu bir kabusdur!» deyərək lərzəyə düşdülər və qorxudan qışqırdılar.
27 Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»
28 Peter cavabında Ona dedi: «Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim».
29 İsa «Gəl!» dedi. Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi.
30 Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı.
31 İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
32 Onlar qayığa mindikləri zaman külək sakitləşdi.
33 Qayıqda olanlar «Doğrudan da, Sən Allahın Oğlusan!» deyə Ona səcdə qıldılar.
İsa Ginesarda xəstələrə şəfa verir
(Mark 6:53-56)
34 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar.
35 O yerin adamları İsanı tanıdıqları zaman ətrafdakı hər yerə xəbər yaydılar. Bütün xəstələri Onun yanına gətirdilər.
36 Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağaldı.