22
Toy ziyafəti məsəli
(Luka 14:15-24)
İsa yenə onlara məsəllərlə xitab edərək dedi: «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi. Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi. O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər. Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı. Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil. Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”. 10 Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.
11 Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü, 12 ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu. 13 *O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”. 14 Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
Hər kəsin öz haqqı
(Mark 12:13-17; Luka 20:20-26)
15 O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar. 16 Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan. 17 İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 18 Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz? 19 Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər. 20 İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» 21 Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 22 Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
Dirilmə haqqında sual
(Mark 12:18-27; Luka 20:27-40)
23 *Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 24 *«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”. 25 Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi. 26 İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü. 27 Hamısından sonra bu qadın da öldü. 28 İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29 İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız. 30 Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər* kimi olurlar. 31-32 *Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır». 33 Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
Allahın ən böyük əmri
(Mark 12:28-34; Luka 10:25-28)
34 Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar. 35 Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu: 36 «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» 37 *İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. 38 Bu, böyük və əsas əmrdir. 39 *Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. 40 Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
Məsih kimin Oğludur?
(Mark 12:35-37; Luka 20:41-44)
41 Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu: 42 «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər. 43 İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44 *“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına salanadək
Sağımda otur›”
deyib. 45 Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?» 46 Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.
* 22:13 Mat. 8:12; 25:30; Luka 13:28 * 22:23 Həv. 23:8 * 22:24 Qanun. 25:5 * 22:30 Səmadakı mələklər – bəzi əlyazmalarda Allahın səmadakı mələkləri. * 22:31-32 Çıx. 3:6 * 22:37 Qanun. 6:5 * 22:39 Lev. 19:18 * 22:44 Zəb. 110:1