12
Zerubbabil ilə gələn kahinlər və Levililər
1 Şealtiel oğlu Zerubbabil və Yeşua ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra,
2 Amarya, Malluk, Xattuş,
3 Şekanya, Rexum, Meremot,
4 İddo, Ginnetoy, Aviya,
5 Miyamin, Maadya, Bilqa,
6 Şemaya, Yoyariv, Yedaya,
7 Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.
8 Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı.
9 Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.
10 Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.
11 Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.
12 Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya,
13 Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan,
14 Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif,
15 Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay,
16 İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam,
17 Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay,
18 Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan,
19 Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi,
20 Şallay nəslindən Qallay, Amoq nəslindən Ever,
21 Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.
22 Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.
23 Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı.
24 Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi.
25 Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu.
26 Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.
Yerusəlim divarının təqdis edilməsi
27 Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər.
28 Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən,
29 Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.
30 Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.
31 Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.
32 Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı,
33 Azarya, Ezra, Meşullam,
34 Yəhuda, Binyamin, Şemaya, Yeremya,
35 əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə,
36 qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir.
37 Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.
38 Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər,
39 Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.
40 Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım.
41 Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya;
42 habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi.
43 O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.
Məbəd ibadəti üçün təminat
44 Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.
45 Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi.
46 Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu.
47 Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.