12
Məryəmin cəzalanması
1 Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı.
2 Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.
3 Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
4 Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər.
5 O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda
6 Rəbb onlara dedi:
«İndi sözlərimi dinləyin;
Əgər aranızda bir peyğəmbər varsa,
Mən Rəbb görüntüdə ona Özümü bildirərəm,
Yuxuda onunla danışaram.
7 Qulum Musa isə elə deyil,
O bütün evimdə sadiqdir.
8 Mən onunla müəmmalarla deyil,
Üzbəüz açıq danışaram və
O, Rəbbin surətini görür.
Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»
9 Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.
10 Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.
11 Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma.
12 Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin».
13 Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»
14 Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»
15 Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.
16 Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.