16
Qorah, Datan və Aviramın etirazı
* Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?»
Musa bunu eşidib üzüstə yerə sərildi. Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın; səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!»
Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın! İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz. 10 Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz? 11 Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?»
12 Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik! 13 Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən? 14 Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!»
15 Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim».
16 Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun. 17 Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin». 18 Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular. 19 Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü.
20 Rəbb Musaya və Haruna dedi: 21 «Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim». 22 Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?» 23 Rəbb Musaya dedi: 24 «İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”»
25 Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər. 26 Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız». 27 Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular. 28 Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz. 29 Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. 30 Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız».
31 Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı. 32 Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu. 33 Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. 34 Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar. 35 Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi.
36 Rəbb Musaya dedi: 37 «Kahin Harun oğlu Eleazara de, buxurdanları yanmış adamların üstündən götürsün, sən isə közləri kənara dağıt, çünki buxurdanlar müqəddəsdir. 38 Öz həyatı bahasına günah edən bu adamların buxurdanlarından qurbangah üçün örtük olaraq lövhələr düzəltsinlər. Çünki buxurdanlar Rəbbə təqdim edildiyi üçün müqəddəsdir. Qoy bu, İsrail övladlarına əlamət olsun». 39 Yandırılan adamların təqdim etmiş olduqları mis buxurdanları, kahin Eleazar Rəbbin Musa vasitəsilə ona dediyi kimi götürüb döydü və onlardan qurbangahı örtmək üçün lövhələr düzəltdi. 40 Bu, İsrail övladlarına bir xatirədir ki, Harunun nəslindən olmayan bir kənar şəxs Rəbbin hüzuruna gəlib buxur yandırmasın, yoxsa Qorah və yoldaşları kimi məhv olar.
41 * Ancaq ertəsi gün bütün İsrail övladlarının icması Musaya və Haruna qarşı deyinərək dedilər: «Rəbbin xalqını siz öldürdünüz». 42 İcma Musaya və Haruna qarşı çıxmaq üçün toplanıb Hüzur çadırına yönələndə qəflətən bulud çadırı bürüdü və Rəbbin izzəti göründü. 43 Musa ilə Harun Hüzur çadırının önünə gəldilər. 44 Rəbb Musaya dedi: 45 «Bu icmanın arasından çıxın ki, onları bir anda məhv edim». Musa ilə Harun üzüstə yerə sərildilər. 46 Sonra Musa Haruna dedi: «Öz buxurdanını götür, içinə qurbangahdan közərmiş kömür və buxur qoy. Tez icmaya apar, onlar üçün kəffarə et, çünki Rəbb qəzəbini tökdü. Vəba başladı». 47 Musanın dediyi kimi Harun buxurdanı götürdü və camaatın arasına qaçdı. Gördü ki, xalq arasında vəba başlamışdır. Buna görə buxuru təqdim edərək xalq üçün kəffarə etdi. 48 Harun ölülərlə dirilər arasında duranda vəba dayandı. 49 Qorah əhvalatında ölənlərdən başqa vəbadan ölənlər on dörd min yeddi yüz nəfər idi. 50 Vəba dayandığına görə Harun Musanın yanına Hüzur çadırının girişinə qayıtdı.
* 16:1 Yəhd. 11 * 16:41 1Kor. 10:10