16
Ürəyin fikirləri insandan,
Dilin cavabı isə Rəbdəndir.
 
İnsanın bütün yolları öz gözündə təmiz sayılar,
Lakin Rəbb ürəkləri yoxlar.
 
Görəcəyin işləri Rəbbə ver,
Onda niyyətlərin yerinə yetər.
 
Rəbb hər şeyi məqsədinə müvafiq yaradıb,
O, pis insanı bəla günü üçün yaradıb.
 
Rəbb qəlbi təkəbbürlülərdən ikrah edər,
Doğrudan da, onlar cəzasız qalmaz.
 
Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər,
İnsan Rəbb qorxusuna görə pislikdən dönər.
 
Rəbb insanın həyatından razı qaldısa,
Düşmənlərini belə, onunla barışdırar.
 
Salehliklə qazanılan az şey
Haqsız yolla olan bol gəlirdən yaxşıdır.
 
İnsan ürəyində özü üçün yol qurar,
Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
 
10 Padşah uzaqgörənliklə dilindən sözlər çıxarar,
Qoy onda məhkəmədə ədalətdən yan keçməsin.
 
11 Rəbb düzgün tərəzi və çəkini tələb edər,
O, torbadakı hər çəki daşını müəyyən edər.
 
12 Şər iş görmək padşahlarda ikrah yaradar,
Çünki salehliklə taxtlar möhkəm olar.
 
13 Saleh adamın dili padşahları razı salar,
Onlar düz danışanı sevər.
 
14 Padşahın hiddəti ölüm elçisidir,
Amma hikmətli insan bu hiddəti yatırar.
 
15 Padşahın üzü nuranidirsə, demək, həyat var,
Razılığı yaz yağışı gətirən buluda oxşar.
 
16 Qızıldan çox hikmət qazanmaq yaxşıdır,
Gümüşü yox, idrakı yığmaq üstün tutular.
 
17 Əməlisalehlər pislikdən dönmək yolunu tutar,
Yoluna diqqət edən canını qoruyar.
 
18 Əcəldən əvvəl təkəbbür gələr,
Fəlakətdən əvvəl lovğalıq ruhu gələr.
 
19 Məzlumlar arasında sadə qəlbli olmaq
Təkəbbürlülərlə talan malı bölüşdürməkdən yaxşıdır.
 
20 Sözdən hikmət alan xeyir tapar,
Rəbbə güvənən insan nə bəxtiyardır!
 
21 Qəlbində hikmət olan dərrakəli adlanar,
Şirin dilli olan müdrikliyi artırar.
 
22 Ağıl insan üçün həyat çeşməsidir,
Axmağa tərbiyə vermək səfehlikdir.
 
23 Hikmətlinin ürəyi dilinə tərbiyə verir,
Ağzındakı müdrik sözləri artıq edir.
 
24 Xoş sözlər sanki pətəkdə baldır,
Cana şirinlik, sümüklərə şəfadır.
 
25 * Yol var ki, insanın qarşısında düz görünür,
Amma sonu ölümdür.
 
26 Əməkçi qarnı üçün zəhmət çəkir,
Aclıq onu məcbur edir.
 
27 Yaramaz şər quyusu qazar,
Dili alov kimi yandırıb-yaxar.
 
28 Hiyləgər adam dava yaradar,
Qeybətçi əziz dostları ayırar.
 
29 Zorakı qonşularını aldadar,
Onları yaxşı olmayan yola aparar.
 
30 Niyyəti hiyləli olan göz vurar,
Dodaq büzər, şər qurar.
 
31 Ağaran saçlar şərəf tacıdır,
Salehlik yolunun qazancıdır.
 
32 İgid olmaqdan səbirli olmaq yaxşıdır,
Nəfsə hakim olmaq şəhəri almaqdan üstündür.
 
33 Ətəyin üstünə püşk atılar,
Amma hökm Rəbdən gələr.
 
* 16:25 Sül. 14:12