102
Məzmur 102
Bir məzlumun duası.
Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə.
Ya Rəbb, bu duama qulaq as,
Qoy fəryadım Sənə çatsın.
Nə olar, dar günümdə üzünü məndən gizlətmə,
Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.
 
Günlərim tüstü kimi çəkilir,
Sümüklərim elə bil yanıb közə dönür.
Ürəyim kəsilib atılan ot kimi saralıb-solur,
Çörək yemək belə, yadımdan çıxır.
Ah-zar çəkməkdən
Bir dəri, bir sümük qalmışam.
İndi çöldəki yapalağa bənzəyirəm,
Viranəlik bayquşu kimiyəm.
Gözümə yuxu getmir,
Damda tənha qalan bir quşa bənzəyirəm.
Bütün gün düşmənlərim məni təhqir edir,
Mənə istehza edənlər adımla lənət oxuyur.
Yeməyim çörək yerinə kül olub,
İçməyim göz yaşıma qarışıb.
10 Çünki qəzəbindən, hiddətindən
Məni götürüb bir tərəfə atmısan.
11 Günlərim axşamın kölgəsi kimi keçir,
Bir ot kimi quruyuram.
 
12 * Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən,
Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
13 Sən qalxıb Siona mərhəmət edəcəksən,
Zamanını təyin etdin, indi ona lütf ediləcək.
14 Çünki Sənin qulların onun daşlarını əziz tuturlar,
Onun toz-torpağına necə də acıyırlar.
15 Millətlər Rəbbin ismindən,
Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
16 Rəbb Sionu yenidən bərpa edəcək,
Əzəmətində görünəcək,
17 Yoxsulların duasına qulaq asacaq,
Yalvarışlarına xor baxmayacaq.
 
18 Sonrakı övladları Rəbbə həmd etsin deyə
Qoy gələcək nəsil üçün belə yazılsın:
19 «Rəbb müqəddəs yüksəklikdən,
Göylərdən yer üzünə nəzər saldı;
20 Əsirlərin naləsini eşitmək üçün,
Ölümə aparılanları azad etmək üçün».
21 Ona görə Rəbbin ismini Sionda elan edəcəklər,
Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
22 Rəbbə xidmət etmək üçün gələrkən,
Xalqlar, ölkələr bir yerə gələrkən.
 
23 Yolda ikən Rəbb gücümü azaltdı,
O, ömrümü qısaltdı.
24 Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır,
Sənin illərin nəsillərdən-nəsillərə çatır».
 
25 * Yerin təməlini əzəldən qurmusan,
Göylər Sənin əllərinin işidir!
26 Onlar yox olacaq, amma Sən qalacaqsan,
Hamısı paltar kimi köhnələcək,
Onları geyim kimi dəyişdirəcəksən,
Keçib-gedəcəklər.
27 Amma Sən dəyişməzsən,
İllərin tükənməzdir.
28 Qullarının övladları yaşayacaq,
Nəvə-nəticələri hüzurunda dayanacaq.
* 102:12 Mərs. 5:19 * 102:25 İbr. 1:10-12