106
Məzmur 106
1 Rəbbə həmd edin!
Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir.
2 Rəbbin qüdrətli işlərini sözlə demək olarmı?
Onu layiqincə həmd edən varmı?
3 Nə bəxtiyardır ədalətə bağlananlar,
Hər zaman əməlisaleh olanlar!
4 Ya Rəbb, xalqına lütf edərkən məni yada sal,
Onları nicata çatdırarkən mənim də qayğıma qal.
5 Qoy seçdiklərini bəxtiyar görüm,
Millətinin sevinci ilə sevinim,
İrsinlə birlikdə fəxr edim.
6 Ata-babamız kimi biz də günaha batmışıq,
Biz də şər iş görməklə təqsirkar olmuşuq.
7 Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı,
Bol məhəbbətini yada salmadı,
Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
8 Amma Rəbb qüdrətini göstərmək üçün
Onları ismi naminə qurtardı.
9 Onun məzəmmətindən Qırmızı dəniz qurudu,
Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
10 İsrailliləri onlara nifrət edənin əlindən qurtardı,
Onları düşməninin əlindən xilas etdi.
11 Yağıları sular basdı,
Bir nəfər də qalmadı.
12 O zaman Rəbbin sözlərinə inandılar,
Onu həmdlə tərənnüm etdilər.
13 Lakin Rəbbin əməllərini tez unutdular,
Ondan məsləhət almadılar.
14 Onlar səhrada iştahaya düşdülər,
Çöllükdə Allahı sınağa çəkdilər.
15 O da istədiklərini verdi,
Lakin onlara azar göndərdi.
16 Düşərgədə Musaya,
Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,
17 Torpaq yarılıb Datanı uddu,
Aviramla yoldaşlarını yerə batırdı.
18 Yoldaşlarının içinə alov saldı,
Bu, pisləri yandırıb-yaxdı.
19 Xorevdə bir dana heykəli düzəltdilər,
Tökmə bir bütə səcdə etdilər.
20 Allahın əvəzinə
Otyeyən buğanın surətinə şərəf verdilər.
21 Onları qurtaran Allahı –
Misirdə böyük möcüzələr yaradanı,
22 Ham ölkəsində xariqələr göstərəni,
Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
23 Rəbb onları yox etmək üçün niyyətini söylədi,
Onu məhvedici qəzəbindən döndərmək üçün
Seçdiyi Musa Onun qarşısına gəldi.
24 Sonra o gözəl diyara da xor baxdılar,
Rəbbin vədinə inanmadılar.
25 Çadırlarında giley-güzar etdilər,
Rəbbin səsini eşitmədilər.
26 Buna görə Rəbb and içdi:
Meyitlərini çöllərə sərəcək,
27 Övladlarını millətlər arasına səpələyəcək,
Onları ölkələr arasında darmadağın edəcək.
28 Onlar Peordakı Baala səcdə etməyə gəldilər,
Ölü bütə verilən qurban ətindən yedilər.
29 Bu işlər Rəbbin qəzəbinə gəldi,
Aralarına vəba töküldü.
30 Onda Pinxas qalxıb buna müdaxilə etdi,
Beləliklə, vəba çəkilib getdi.
31 Bu, nəsillər boyu, əbədilik
Onun üçün salehlik sayıldı.
32 Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər,
Buna görə Musanın başına qəza gəldi:
33 Onlar Musanın ruhunu incitdilər,
O da düşünülməmiş sözlər dedi.
34 Rəbbin əmrini yerinə yetirmədilər,
Dediyi xalqları məhv etmədilər.
35 Əksinə, həmin millətlərə qarışdılar,
Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
36 Onların bütlərinə ibadət edərək
Özlərini bu tələyə saldılar.
37 Oğul-qızlarını
Cinlərə qurban verdilər.
38 Oğul-qızlarının günahsız qanını tökdülər,
Onları Kənan bütlərinə qurban verdilər,
Ölkəni qana bulaşdırdılar.
39 Belə işlərlə murdarlandılar,
Öz əməlləri ilə xəyanətə satıldılar.
40 Rəbb xalqına qarşı qəzəbindən yandı,
Öz irsini iyrənc bir şey sandı.
41 Onları millətlərə təslim etdi,
Onlara nifrət edənlər üzərlərində hakim oldu.
42 Düşmənləri onları zülm altına saldılar,
Onlara tabe olaraq əl altında qaldılar.
43 Rəbb dəfələrlə onları azad etmişdi,
Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular,
Bu insanları öz günahları alçaltdı.
44 Lakin O, fəryadlarını eşidəndə
Onların əziyyətinə baxdı.
45 Bu insanlarla bağladığı əhdini yada saldı,
Bol məhəbbəti naminə rəhmini göstərdi.
46 Onları əsir edənlərin
Qəlbinə mərhəmət saldı.
47 Ey Allahımız Rəbb, bizi qurtar,
Bizi millətlərin arasından topla.
Müqəddəs isminə şükür edək,
Biz fəxrlə Sənə həmd söyləyək.
48 Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!
Qoy bütün xalq söyləsin «Amin!»
Rəbbə həmd edin!