144
Məzmur 144
Davudun məzmuru.
Alqış olsun Rəbbə, Qayama!
Əllərimə döyüş təlimi,
Barmaqlarıma müharibə təlimi verən Odur.
Mənə Məhəbbət göstərən, mənim Qalam,
Qülləm, Xilaskarım,
Qalxanım, Pənahgahım,
Xalqımı mənə itaət etdirən Odur.
 
* Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan,
Bəşər övladı kimdir ki, onu düşünürsən?
İnsan bir nəfəsə bənzər,
Ömrü kölgə kimi keçib-gedər.
 
Ya Rəbb, göyləri yar, aşağı en,
Dağlara toxun, qoy tüstülənsin.
Şimşəyini çaxdır, düşmənləri dağıt,
Oxlarını yağdır, yağıları darmadağın et.
Göylərdən əl uzadıb dərin sulardan məni xilas et,
Məni yadellilərin əlindən azad et.
Onların dili yalan danışar,
Sağ əlləri yalandan and etmək üçün qalxar.
 
Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm,
Səni ontelli çənglə tərənnüm edəcəyəm.
10 Sənsən padşahlara zəfər qazandıran,
Qulun Davudu amansız qılıncdan qurtaran.
11 Məni yadellilərin əlindən xilas et,
Sən məni azad et!
Onların dili yalan danışar,
Sağ əlləri yalandan and etmək üçün qalxar.
 
12 Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın,
Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
13 Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın,
Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
14 Naxırlarımız çoxlu balalar versin,
Hasarlarımız dəlmə-deşiksiz olsun.
İnsanlarımız əsir düşməsin,
Meydanlarımız şivən səsinə bir daha bürünməsin.
15 Nə bəxtiyardır belə xeyir-dua alan xalq!
Nə bəxtiyardır Allahı Rəbb olan xalq!
* 144:3 Əyy. 7:17-18; Zəb. 8:4