60
Məzmur 60
Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı.
* Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə.
Ey Allah, Sən bizi atmısan,
Müdafiə qüvvələrimizi dağıtmısan.
Bizə qəzəblənmisən,
Bizi əvvəlki halımıza qaytar.
Yeri lərzəyə salmısan,
Torpağını dağıtmısan.
Yarıqlarını yenə bitişdir,
Çünki yer sarsılıb.
Öz xalqını çətinliyə salmısan,
Şərab içirərək bizi səndələtmisən.
 
Səndən qorxanlara isə bayraq vermisən,
Qoy onu həqiqət naminə qaldırsınlar.
Sela
Sevdiyin insanların xilas olması üçün
Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
 
Allah Öz müqəddəs məskənindən belə söylədi:
«Şekemi sevinclə bölüşdürəcəyəm,
Sukkot dərəsini böləcəyəm.
Gilead torpağı Mənimdir,
Menaşşe torpağı da Mənimdir,
Efrayim başımın dəbilqəsidir,
Yəhuda Mənim əsamdır.
Moav yuyunmaq üçün ləyənimdir,
Çarığımı ataraq Edomu tutacağam,
Zəfər harayını Filiştə salacağam».
 
Kim məni istehkamlı şəhərə apara bilər?
Kim mənə Edoma qədər yol göstərər?
10 Ay Allah, Sən niyə bizi atmısan?
Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
11 Bizə düşmənin qarşısında imdad et,
Çünki insanın köməyi puçdur.
12 Allahın köməyi ilə igidlik edəcəyik,
O, düşmənlərimizi tapdalayacaq!
* 60: 2Şam. 8:13; 1Saln. 18:12