4
Boazın Rutla evlənməsi
1 Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu.
2 Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular.
3 Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır.
4 Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm».
5 Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın».
6 Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm».
7 Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi.
8 Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o öz çarığını çıxardı.
9 Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram.
10 Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz».
11 Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın.
12 Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».
13 Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu.
14 Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın.
15 Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur».
16 Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu.
17 Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.
Davudun nəsil şəcərəsi
18 Peresin nəsli budur: Peresdən Xesron törədi.
19 Xesrondan Ram törədi. Ramdan Amminadav törədi.
20 Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.
21 Salmondan Boaz törədi. Boazdan Oved törədi.
22 Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.