15
Bəla gətirən yeddi mələk
1 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.
2 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub.
3 Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir:
«Ey Külli-İxtiyar Rəbb Allah,
Sənin işlərin böyük və heyrətlidir.
Ey millətlərin Padşahı,
Sənin yolların ədalətli və həqiqidir.
4 Ya Rəbb, kim Səndən qorxmaz,
Kim Sənin adını izzətləndirməz?
Çünki yalnız Sən müqəddəssən.
Bütün millətlər gəlib
Sənin önündə səcdə edəcək,
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
5 Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı
6 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.
7 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi.
8 Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.