23
Davudun Qeila şəhərini qurtarması
Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər». Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar». Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?» Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm». Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı.
Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi. Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb». Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı. Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir». 10 Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir. 11 Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi. 12 O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi. 13 Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü. 14 Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi.
Yonatan ilə Davudun görüşü
15 Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb. 16 Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı. 17 Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir». 18 * Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı.
Davudun Zifdə Şauldan qurtulması
19 * Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi. 20 Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər». 21 Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin. 22 Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir. 23 Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam».
24 Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi. 25 Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi. 26 Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar. 27 Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər». 28 Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot * adı verildi. 29 Davud oradan çıxıb En-Gedi qalalarında qaldı.
* 23:18 1Şam. 18:3 * 23:19 Zəb. 54 başlıq * 23:28 Sela-Hammaxleqot – ibrani dilində ayrılıq qayası.