5
Allahın Filiştlilərə qəzəbi
1 Filiştlilər Allahın sandığını ələ keçirib Even-Ezerdən Aşdoda apardılar.
2 Allahın sandığını Daqonun məbədinə aparıb Daqonun heykəlinin yanına qoydular.
3 Ertəsi gün Aşdodlular erkən duranda Daqonu Rəbbin sandığının önündə üzüstə yerə düşmüş gördülər. Onlar Daqonu götürüb öz yerinə qoydular.
4 Amma ertəsi gün səhər erkən durduqları vaxt gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüş və yalnız gövdəsi qalmışdı.
5 Daqonun kahinləri də, Aşdoddakı Daqon məbədinə gələnlər də buna görə bu günə qədər bu məbədin kandarına ayaq basmırlar.
6 Rəbbin əli Aşdodlular üzərində ağırlaşdı. Onlara və ətrafındakı camaata bəla verib bədənlərinə şişlər çıxartdı.
7 Aşdodlular vəziyyətin belə olduğunu görəndə dedilər: «Qoy İsrail Allahının sandığı bizim yanımızda qalmasın, çünki Onun əli bizim və allahımız Daqonun üzərində ağır oldu».
8 Ona görə də hər tərəfə qasidlər göndərərək bütün Filiştlilərin ağalarını yanlarına toplayıb soruşdular: «İsrail Allahının sandığını nə edək?» Filiştlilərin ağaları isə dedilər: «İsrail Allahının sandığı Qata aparılsın». Beləliklə, İsrail Allahının sandığını Qata apardılar.
9 Onlar sandığı Qata gətirəndən sonra Rəbbin əli bu şəhərin üstündə də ağırlaşdı. Şəhəri dəhşətli qorxu bürüdü, böyükdən-kiçiyə qədər şəhər sakinlərinin hamısına zərbə dəydi. Onların da bədənlərinə şiş çıxdı.
10 Bu hadisədən sonra Allahın sandığını Eqrona göndərdilər. Allahın sandığı Eqrona çatanda Eqronlular fəryad qoparıb dedilər: «Bizi və xalqımızı öldürmək üçün İsrailin Allahının sandığını bura gətirdilər!»
11 Ona görə də hər tərəfə qasidlər göndərib bütün Filiştlilərin ağalarını yanlarına toplayaraq dedilər: «İsrail Allahının sandığını göndərin getsin yerinə, qoy bizi və xalqımızı qırmasın». Çünki bütün şəhəri ölüm vahiməsi bürümüşdü və Allahın əli ora üçün də çox ağır olmuşdu.
12 Sağ qalanların da bədənlərinə şiş çıxdı və şəhərin fəryadı ərşə qalxdı.