4
Beşinci görüntü: çıraqdan və zeytun ağacları
Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. * O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. * Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. * O mənə cavab verdi:
«Zerubbabilə Rəbbin sözü budur:
“Güclə, qüdrətlə yox, yalnız Mənim Ruhumla iş görəcəksən”
Deyir Ordular Rəbbi.
Sən kimsən, ey uca dağ?
Zerubbabilin önündə düzənliyə çevriləcəksən.
O “nə gözəldir, nə gözəldir” nidaları altında
Məbədin təpə daşını götürəcək».
Mənə Rəbbin sözü nazil oldu:
«Bu evin təməlini Zerubbabilin əlləri qoydu,
Onun əlləri də bunu sona çatdıracaq.
Onda biləcəksən ki, Ordular Rəbbi Məni sizin yanınıza göndərib.
10 * Bu günü kim əhəmiyyətsiz hesab edə bilər?
Məhz bu gün adamlar Zerubbabilin əlində şaqulu görəndə sevinəcək.
Bu yeddi çıraq isə Rəbbin bütün yer üzündə dolaşan gözləridir».
11 * Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» 12 Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» 13 O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. 14 O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
* 4:2 Vəhy 4:5 * 4:3 Vəhy 11:4 * 4:6 Ezra 5:2 * 4:10 Vəhy 5:6 * 4:11 Vəhy 11:4