27
Sur şəhəri üçün mərsiyə
Mənə Rəbbin bu sözü nazil oldu: «Sən ey bəşər oğlu, Sur üçün mərsiyə oxuyub ona söylə ki, sən ey dəniz qapılarında yerləşən, çoxlu sahil xalqı ilə ticarət edən şəhər, Xudavənd Rəbb belə deyir:
“Ey Sur, sən dedin:
‹Mən gözəllikdə qüsursuzam›.
Sərhədlərin dənizin qoynunda idi.
Səni tikənlər gözəlliyini kamil etdi.
Bütün taxtalarını
Senirin şam ağaclarından düzəltdilər.
Sənə dor qayırmaq üçün
Livandan sidr ağacları gətirdilər.
Avarlarını Başanın palıd ağaclarından qayırdılar,
Göyərtəni fil sümüyü ilə bəzənən,
Kittim sahillərindən gətirilən
Şam ağaclarından düzəltdilər.
Sənin yelkənin, bayrağın
Misirin naxışlı kətanından oldu.
Talvarın Elişa sahillərinin
Bənövşəyi və tünd qırmızı parçalarından idi.
Sidonda və Ervadda yaşayanlar
Sənin avar çəkənlərin idi.
Ey Sur, səndə bacarıqlı adamlar var idi,
Gəmiçilərin onlardan idi.
Gəmilərindəki yarıqları təmir edənlər
Gevalın təcrübəli və bacarıqlı adamları idi.
Dənizdəki bütün gəmilər və dənizçilər
Mallarını dəyişmək üçün
Sənin yanına gəldi.
10 Fars, Lud və Put əsgərləri
Ordunda xidmət edirdi.
Qalxanlarını, dəbilqələrini
Divarlarından asdılar,
Sənə əzəmət verdilər.
11 Ervaddan və Xelekdən gələnlər
Hər tərəfdən divarlarını qorudu.
Qammadlılar qüllələrində gözətçi oldu.
Qalxanlarını divarlarından asdı,
Gözəlliyini kamil etdi.
 
12 Səndə hər cür mal bol olduğu üçün
Tarşiş səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Gümüş, dəmir, qalay və qurğuşun verdilər.
13 Yavan, Tuval və Meşek səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Qullar və tunc qablar verdilər.
14 Bet-Toqarma xalqı
Mallarının əvəzinə sənə
At, döyüş atı və qatır verdi.
15 Dedan xalqı səninlə ticarət etdi,
Çoxlu sahil xalqı sənin müştərin idi,
Səndən aldıqları malın əvəzinə
Fil sümüyü və abnos ağacı verdilər.
16 Sənin məmulatın çox olduğu üçün
Aram səninlə ticarət etdi,
Mallarının əvəzində sənə
Firuzə, tünd qırmızı qumaş, naxışlı paltarlar,
İncə kətan, mərcan və yaqut verdilər.
17 Yəhuda və İsrail ölkəsi səninlə ticarət etdi,
Mallarının əvəzinə sənə
Minnit buğdası, darı, bal,
Zeytun yağı və balzam verdilər.
18 Sənin məmulatın çox olduğu üçün,
Səndə hər cür mal bol olduğuna görə
Dəməşq səninlə ticarət etdi,
Helbon şərabı, Saxar yunu ilə ticarət etdi.
19 Vadan və Uzaldan gələn
Yavan səninlə ticarət etdi.
Sənə gətirilən mallar arasında
İşlənmiş dəmir, darçın və ətirli qamış var idi.
20 Dedan xalqı səninlə ticarət edib
Sənə yəhər üçün qumaş verdi.
21 Ərəbistan və bütün Qedar rəhbərləri
Sənin müştərilərin idi,
Quzu, qoç və təkə ilə
Səninlə ticarət etdilər.
22 Səba və Raama tacirləri
Səninlə ticarət etdi.
Mallarının əvəzinə sənə
Hər cür dəyərli ətriyyat, qiymətli daşlar və qızıl verdilər.
23 Xaran, Kanne, Eden, Səba tacirləri, Aşşur və Kilmad
Səninlə ticarət etdi,
24 Onlar bazarlarında
Gözəl paltar, bənövşəyi qumaş, naxışlı libaslar,
Sıx toxunmuş, iplərlə bağlanmış
Rəngli xalçalarla
Səninlə ticarət etdi.
 
25 * Tarşiş gəmiləri * sənin mallarını daşıdı.
Dənizin qoynunda böyük yüklə doldun.
26 Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı,
Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı.
27 Gəmin qəzaya uğradığı gün
Var-dövlətin, malların, ticarət şeylərin,
Gəmiçilərin, sükançıların,
Təmirçilərin, ticarət şəriklərin,
Döyüşçülərin – içində olan bütün camaat
Dənizin dərinliklərinə batacaq.
28 Sükançıların fəryadından
Dənizin sahilləri titrəyəcək.
29 Avarçəkənlərin hamısı gəmilərini tərk edəcək,
Gəmiçilərlə sükançıların hamısı
Gəmilərindən düşüb quruda dayanacaq.
30 Uca səslə sənin üçün
Acı-acı fəryad edəcəklər.
Başlarına torpaq səpələyəcəklər,
Küldə eşələnəcəklər.
31 Sənin üçün saçlarını ülgüclə qırxacaqlar,
Çula bürünəcəklər.
Sənin üçün acı-acı ağlayıb
Yas tutacaqlar.
32 Yaslarında sənin üçün mərsiyə oxuyub
Belə deyəcəklər:
‹Dənizin ortasında
Sur şəhəri kimi susdurulan
Bir şəhər varmı görəsən?›
33 Malların dənizin o tayına çatanda
Çoxlu xalqı doydururdun.
Böyük var-dövlətinlə, malınla
Dünya padşahlarını sərvət sahibi edirdin.
34 İndi isə dənizdə, suların dərinliyində
Xarabalığa çevrildiyin zaman
Mal-dövlətin və bütün camaatın
Səninlə birlikdə batdı.
35 Sahillərdə yaşayanların hamısı
Başına gələnlərdən heyrətə düşdü.
Onların padşahlarının tükləri biz-biz oldu,
Bənizləri soldu.
36 Millətlərin arasındakı tacirlər
Sənə görə fit çalacaq.
Aqibətin dəhşətli oldu,
Sən əbədi olaraq yox olacaqsan”».
* 27:25 Vəhy 18:11-19 * 27:25 Tarşiş gəmiləri – yaxud ticarət gəmiləri.