28
Sur padşahının əleyhinə peyğəmbərlik
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin:
‹Mən Allaham,
Dənizlərin qoynunda,
Allahın taxtında otururam›.
Ürəyində özünü Allah sandın,
Ancaq sən Allah deyil, insansan.
3 Bax sən Danieldən daha müdriksən,
Heç kəs öz sirrini səndən gizlədə bilməz.
4 Müdrikliyin və ağlınla özünə sərvət yığdın,
Xəzinələrinə qızıl-gümüş topladın.
5 Ticarətdə çox bacarıqlı olduğun üçün
Öz sərvətini artırdın.
Var-dövlətin çoxalanda
Özünə qürrələndin”.
6 Buna görə də Xudavənd Rəbb belə deyir:
“İndi ki ürəyində özünü Allah sandın,
7 Mən də yadelliləri, ən rəhmsiz millətləri
Üstünə göndərəcəyəm.
Onlar sənin müdrikliyinin gözəlliyinə
Qılınc çəkib
Əzəmətini murdarlayacaq.
8 Səni məzara endirəcəklər.
Sən dənizlərin qoynunda
Dəhşətli bir ölümlə məhv olacaqsan.
9 Səni öldürənlərə də
‹Mən Allaham› deyəcəksənmi?
Səni öldürənlərin əlində
Sən Allah deyil, insansan.
10 Yadellilərin əlində
Sünnətsizlərin ölümü ilə öləcəksən”.
Çünki Mən bunu söylədim,
Xudavənd Rəbb belə bəyan edir».
11 Mənə yenə Xudavənd Rəbbin sözü nazil oldu: «Ey bəşər oğlu, Sur padşahı üçün mərsiyə oxuyub söylə ki, Xudavənd Rəbb belə deyir:
12 “Sən kamilliyin möhürüsən,
Müdrikliyin bütöv,
Gözəlliyin qüsursuz idi.
13 Sən Allahın bağçası olan
Eden bağında idin.
Cürbəcür qiymətli daşlarla –
Yaqut, topaz, almaz,
Sarı yaqut, damarlı əqiq, yəşəm daşı,
Göy yaqut, firuzə və zümrüdlə bəzənmişdin.
Qaxma və oyma işlərin qızıldan idi.
Bunlar yaradıldığın gün hazırlanmışdı.
14 Sən məsh edilmiş, qoruyucu bir keruv idin.
Səni bunun üçün qoymuşdum.
Allahın müqəddəs dağının üstündə idin,
Odlu daşlar arasında gəzirdin.
15 Yaradıldığın gündən
Səndə pislik tapılana qədər
Yollarında qüsursuz idin.
16 Bol ticarətindən ötrü
İçin zorakılıqla doldu,
Sən günah etdin.
Buna görə də səni murdar bir şey kimi
Allahın dağından atdım,
Odlu daşların arasından qovdum,
Ey qoruyucu keruv!
17 Gözəl olduğun üçün ürəyin qürurlandı,
Əzəmətinə görə müdrikliyini korladın.
Beləcə səni yerə atdım,
Padşahların önündə tamaşaya çevirdim.
18 Çoxlu təqsir etdiyin üçün,
Ticarətdə əliəyriliyinə görə
Müqəddəs məkanlarını murdarladın.
Mən içindən bir od çıxardım ki,
Səni yandırıb məhv etsin.
Bütün seyr edənlərin gözü önündə
Səni torpaq üstündə külə çevirdim.
19 Xalqlar arasında səni tanıyanlar
Fəlakətinə heyrət etdi.
Aqibətin dəhşətli oldu,
Artıq salamat qalmayacaqsan”».
Sidonun əleyhinə peyğəmbərlik
20 Mənə Rəbbin bu sözü nazil oldu:
21 «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki,
22 Xudavənd Rəbb belə deyir:
“Ey Sidon, Mən sənin əleyhinəyəm,
Sənin içində izzət qazanacağam.
Mən sakinlərini cəzalandırıb
Onların arasında müqəddəs tutulanda
Biləcəklər ki, Rəbb Mənəm.
23 Əhalinin içinə vəba,
Küçələrinə qan göndərəcəyəm.
Hər tərəfdən onların üstünə gələn qılıncla
Vurulub həlak olacaqlar.
Onda biləcəklər ki, Rəbb Mənəm.
Allahın İsrail xalqına vədi
24 İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25 Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq.
26 Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».