25
* Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi. Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı. Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı. * Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər. Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı. Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər. * Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar.
Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi. O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı. 10 Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu. 11 Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi. 12 Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.
13 * * Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar. 14 * İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar. 15 Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü. 16 Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi. 17 Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi.
18 Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və üç astana keşikçisini əsir aldı. 19 Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu. 20 Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı. 21 Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.
Yəhuda valisi Gedalya
(Yer. 40:7-9; 41:1-3)
22 * Yəhuda ölkəsində Babil padşahı Navuxodonosorun toxunmadığı qalan xalqa gəlincə, padşah Şafan oğlu Axiqam oğlu Gedalyanı onların üzərində vali qoydu. 23 Babil padşahının Gedalyanı vali qoyduğunu eşitdikdə bütün qoşun başçıları və onların adamları – Netanya oğlu İsmail, Qareah oğlu Yoxanan, Netofalı Tanxumet oğlu Seraya, bir Maakalının oğlu Yaazanya və onların döyüşçüləri Mispaya, Gedalyanın yanına gəldilər. 24 Gedalya onların özlərinə və adamlarına and içib dedi: «Xaldeylilərdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin. Belə etsəniz, sizin üçün yaxşı olar». 25 * Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər. 26 * Böyükdən kiçiyə qədər bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən qorxurdular.
Yehoyakinin azad edilməsi
(Yer. 52:31-34)
27 Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi. 28 Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtlarından yuxarı bir taxt qoydurdu. 29 Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə padşahın süfrəsində yemək yeyərdi. 30 Bütün ömrü boyu ona padşah tərəfindən gündəlik azuqə verilirdi.
* 25:1 Yer. 21:1-10; 34:1-5; Yez. 24:2 * 25:4 Yez. 33:21 * 25:7 Yez. 12:13 * 25:13 1Pad. 7:15-22; 2Saln. 3:15-17 * 25:13 1Pad. 7:23-26; 2Saln. 4:2-5 * 25:14 1Pad. 7:45; 2Saln. 4:16 * 25:22 Yer. 40:7-9 * 25:25 Yer. 41:1-3 * 25:26 Yer. 43:5-7