19
İsa ilə Zakkay
1 İsa Yerixoya daxil olub oradan keçirdi.
2 Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi.
3 İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi.
4 İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.
5 İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: «Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam».
6 O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi.
7 Bütün xalq bunu gördükdə deyinməyə başladı: «Gedib günahkar bir kişinin qonağı oldu!»
8 Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: «Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam».
9 İsa ona dedi: «Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur.
10 Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir».
Əmanət pul məsəli
(Mat. 25:14-30)
11 Onlar bu şeyləri dinləyərkən İsa bir məsəl də çəkdi. Çünki O, Yerusəlimə yaxınlaşmışdı və onlar elə düşünürdülər ki, Allahın Padşahlığı dərhal üzə çıxacaq.
12 İsa belə dedi: «Əsilzadələrdən olan bir nəfər padşah təyin olunub geri dönmək üçün uzaq bir ölkəyə yola düşdü.
13 Getməmişdən əvvəl qullarından on nəfəri çağırdı və onlara on mina pul verib dedi: “Mən gələnədək bunlarla ticarət et”.
14 Lakin əhalisi bu adama nifrət etdi və onun ardınca elçilər göndərib dedi: “Bu adamın üzərimizdə padşah olmasını istəmirik”.
15 O, padşah təyin olunub qayıdanda pul verdiyi həmin qulları yanına çağırtdırdı və nə qazandıqlarını öyrənmək istədi.
16 Birincisi gəlib dedi: “Ağa, sənin bir minan on mina da qazandırdı”.
17 Ağası ona dedi: “Afərin, yaxşı qulum! Ən kiçik bir işdə mənə sadiq olduğun üçün on şəhərin idarəsini üzərinə götür”.
18 İkincisi gəlib dedi: “Ağa! Sənin bir minan beş mina da qazandırdı”.
19 Ağası ona da “sən də beş şəhərə hakim ol” dedi.
20 Bir başqası gəlib dedi: “Ağa! Budur sənin minan, onu dəsmala büküb saxlayırdım.
21 Çünki səndən qorxurdum, sən qəddar bir adamsan, özün qoymadığını götürürsən və özün əkmədiyini biçirsən”.
22 Ağası ona dedi: “Ay pis qul, səni öz ağzından çıxan sözlərlə mühakimə edəcəyəm! Mənim qəddar bir adam olduğumu, özüm qoymadığımı götürdüyümü və özüm əkmədiyimi biçdiyimi bilirdinmi?
23 Bəs onda nə üçün mənim pulumu sərraflara vermədin ki, mən qayıdanda onu faizlə geri alım?”
24 Sonra ətrafında olanlara dedi: “Əlindəki minanı ondan alın və on minası olana verin!”
25 Ona dedilər: “Ay ağa, axı artıq onun on minası var!”
26 O, sözünə belə davam etdi: “Sizə deyirəm: kimin varıdırsa, daha çox veriləcək, kimin yoxudursa, əlində olan da alınacaq.
27 Mənim onların padşahı olmağımı istəməyən düşmənlərimi isə buraya gətirin və mənim gözümün qabağında qılıncdan keçirin!”»
İsanın Yerusəlimə girməsi
(Mat. 21:1-11; Mark 11:1-11; Yəh. 12:12-19)
28 İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı.
29 Zeytun dağı adlanan dağın yamacındakı Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən şagirdlərdən ikisini göndərərək
30 dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girəndə hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.
31 Kim sizdən soruşsa: “Nə üçün sıpanı açırsınız?”, ona “bu sıpa Rəbbə lazımdır” deyərsiniz».
32 Göndərilənlər gedib hər şeyin Onun dediyi kimi olduğunu gördülər.
33 Onlar sıpanı açanda onun sahibləri onlara dedi: «Bu sıpanı nə üçün açırsınız?»
34 Onlar cavab verdilər: «Bu sıpa Rəbbə lazımdır».
35 Sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərib İsanı onun belinə mindirdilər.
36 O irəli gedərkən insanlar öz paltarlarını yola döşəyirdi.
37 İsa Zeytun dağının aşağı düşən yamacına yaxınlaşanda çoxlu şagird gördükləri bütün möcüzələr üçün sevinib uca səslə Allaha həmd etməyə başladı.
38 Onlar deyirdi:
«Rəbbin ismi ilə gələn Padşaha alqış olsun!
Göydə sülh, ən ucalarda izzət olsun!»
39 İzdihamın arasından bəzi fariseylər Ona dedilər: «Müəllim, şagirdlərinə qadağan et!»
40 Lakin İsa cavabında onlara dedi: «Sizə bunu deyirəm ki, əgər onlar sussa, daşlar dilə gələr!»
İsa Yerusəlim üçün ağlayır
41 İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı.
42 O dedi: «Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib.
43 Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar.
44 Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».
İsa satıcıları məbəddən qovur
(Mat. 21:12-17; Mark 11:15-19; Yəh. 2:13-22)
45 İsa məbədə girib orada satıcılıq edənləri qovmağa başladı.
46 Onlara belə dedi:
«“Mənim evim dua evi olacaq”
deyə yazılıb. Amma siz onu quldur yuvasına çevirmisiniz!»
47 İsa hər gün məbəddə təlim öyrədirdi. Başçı kahinlər, ilahiyyatçılar və xalqın nüfuzlu adamları Onu öldürmək üçün yol axtarırdı,
48 amma bunu necə edəcəklərini bilmirdilər. Çünki bütün xalq Onu böyük diqqətlə dinləyirdi.