20
İsanın səlahiyyəti
(Mat. 21:23-27; Mark 11:27-33)
Günlərin birində İsa məbəddə xalqa təlim öyrədir və Müjdəni yayırdı. Başçı kahinlər, ilahiyyatçılarla ağsaqqallar yaxınlaşıb Ona dedilər: «De görək, Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm. Mənə deyin: Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan?» Onlarsa öz aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. Amma desək “insanlardan”, bütün xalq bizi daşqalaq edər. Çünki xalq Yəhyanın peyğəmbər olmasına əmindir». Axırda Ona cavab verdilər: «Biz bilmirik haradandır». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
Pis bağbanlar məsəli
(Mat. 21:33-46; Mark 12:1-12)
*İsa xalqa belə bir məsəl çəkməyə başladı: «Bir adam üzüm bağı saldı və bağı bağbanlara icarəyə verərək uzun müddətə başqa ölkəyə getdi. 10 Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, onlar üzüm bağının məhsulundan bir qədərini ona versinlər. Lakin bağbanlar qulu döyərək əliboş geri qaytardılar. 11 Bağ sahibi başqa bir qul göndərdi, amma onlar bunu da döyüb biabır etdilər və əliboş geri qaytardılar. 12 O, üçüncüsünü də göndərdi, amma onlar onu da yaralayıb qovdular. 13 Onda bağ sahibi dedi: “Mən nə edim? Qoy öz sevimli oğlumu göndərim, bəlkə ona hörmət edərlər”. 14 Amma bağbanlar onu gördükdə öz aralarında danışıb dedilər: “Varis budur. Gəlin onu öldürək ki, miras bizə qalsın”. 15 Beləcə onu bağdan kənara çıxarıb öldürdülər. Beləliklə, bağ sahibi onlara nə edəcək? 16 Gəlib həmin bağbanları həlak edəcək və bağı başqalarına verəcək». Bunu eşidənlərsə dedilər: «Qoy belə olmasın».
17 *Amma İsa onların gözlərinin içinə baxıb dedi: «Bəs bu Yazının mənası nədir?
“Bənnaların rədd etdiyi daş
Guşədaşı olub”.
18 Bu daşın üstünə yıxılan hər kəs parçalanacaq, daşsa kimin üzərinə düşərsə, onu əzəcək».
19 İlahiyyatçılar və başçı kahinlər başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də həmin an Onu yaxalamaq üçün yol axtardılar, lakin xalqdan qorxdular.
Hər kəsin öz haqqı
(Mat. 22:15-22; Mark 12:13-17)
20 İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. 21 Onlar İsadan soruşdular: «Müəllim, biz bilirik ki, Sən düz danışırsan, təlim öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən, lakin Allahın yolunu həqiqətə görə öyrədirsən. 22 Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?» 23 Amma İsa onların hiyləsini başa düşüb belə dedi:* 24 «Mənə bir dinar göstərin. Onun üstündəki təsvir və yazı kimindir?» Onlar cavab verdilər: «Qeysərin». 25 İsa onlara dedi: «Onda qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». 26 İsanı xalq qarşısında söz üstə tuta bilmədilər və Onun cavabına heyrət edib susdular.
Dirilmə haqqında sual
(Mat. 22:23-33; Mark 12:18-27)
27 *Dirilmənin olmadığını iddia edən sadukeylərdən bəzisi İsanın yanına gəlib soruşdu: 28 «Müəllim, Musa bizim üçün belə yazmışdı: “Əgər bir adamın evli qardaşı övladsız ölsə, o biri qardaş dul qalmış arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. 29 Yeddi qardaş var idi. Birincisi bir arvad aldı və övladsız öldü. 30 İkincisi də, 31 üçüncüsü də bu arvadla evləndi. Beləcə yeddisi də özündən sonra övlad qoymadan öldü. 32 Hamısından sonra bu qadın da öldü. 33 Ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».
34 İsa onlara belə cavab verdi: «Bu dövrün insanları evlənir və ərə gedir. 35 Amma gələcək dövrə yetişməyə və ölülər arasından dirilməyə layiq sayılanlarsa nə evlənəcək, nə də ərə gedəcək. 36 Artıq ölə də bilməzlər, çünki mələklərə bənzəyirlər və dirilmə övladları olduqlarına görə onlar Allahın övladlarıdır. 37 *Amma ölülərin dirildiyini Musa da kolla bağlı əhvalatda Rəbbi “İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı” adlandıraraq göstərib. 38 Allah ölülərin deyil, dirilərin Allahıdır. Çünki Onun yanında hamı diridir».
39 İlahiyyatçılardan bəzisi buna cavab olaraq dedi: «Müəllim, Sən nə gözəl dedin». 40 Daha İsadan bir şey soruşmağa cəsarət etmədilər.
Məsih kimin Oğludur?
(Mat. 22:41-46; Mark 12:35-37)
41 Amma İsa onlara dedi: «Niyə Məsih Davudun Oğludur deyirlər? 42-43 *Axı Davud özü Zəbur kitabında
“Rəbb mənim Ağama dedi:
‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur›”
deyib. 44 Deməli, Davud Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?»
İsa ilahiyyatçıları məzəmmət edir
(Mat. 23:5-7; Mark 12:38-40)
45 Bütün xalq bu sözləri dinləyəndə İsa Öz şagirdlərinə dedi: 46 «İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər. 47 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».
* 20:9 Yeş. 5:1-7 * 20:17 Zəb. 118:22 * 20:23 dedi – bəzi əlyazmalarda dedi: «Məni niyə sınağa çəkirsiniz? (Mat. 22:18; Mark 12:15). * 20:27 Qanun. 25:5; Həv. 23:8 20:30 İkincisi də – bəzi əlyazmalarda İkincisi də bu arvadı aldı, amma övladsız öldü. * 20:37 Çıx. 3:6 * 20:42-43 Zəb. 110:1