21
Dul qadının ianəsi
(Mark 12:41-44)
1 İsa başını qaldırıb baxdı və məbədin ianə qutusuna ianələri atan varlı adamları gördü.
2 Bir kasıb dul qadını da gördü. O, ianə qutusuna iki lepton pul atdı.
3 İsa dedi: «Sizə həqiqəti deyirəm: bu kasıb dul qadın hamıdan çox pul atdı.
4 Çünki onların hamısı varlarının artıqlığından ianə verdilər, bu qadınsa kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».
Axır zamanın əlamətləri
(Mat. 24:1-28; Mark 13:1-23)
5 Bəzi adamlar məbədin gözəl daşlar və Allaha həsr olunmuş təqdimlərlə bəzəndiyini söyləyərkən İsa dedi:
6 «Elə günlər gələcək ki, burada gördüyünüz şeylərin daşı daş üstündə qalmayacaq, hamısı yerlə-yeksan olacaq».
7 Ondan soruşdular: «Müəllim, bəs bu dediklərin nə vaxt baş verəcək? Bunlar baş vermək üzrə olanda hansı əlamətlər olacaq?»
8 İsa dedi: «Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.
9 Müharibələr və üsyanlar barədə eşidəndə təlaşa düşməyin. Çünki bunlar əvvəlcədən baş verməlidir, amma hər şeyin axırı tez gəlməyəcək».
10 Sonra onlara belə dedi: «Millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq.
11 Güclü zəlzələlər, yerbəyer aclıq və vəba, dəhşətli hadisələr və göydən böyük əlamətlər olacaq.
12 Amma bütün bu hadisələrdən əvvəl Mənim adıma görə sizi yaxalayacaqlar, təqib edəcəklər, sinaqoqlara və zindanlara təslim edəcəklər, padşahların və valilərin qarşısına aparacaqlar.
13 Bu işlər şəhadət etdiyiniz vaxt olacaq.
14 Buna görə də ürəyinizdə qərara alın ki, özünüzü necə müdafiə edəcəyiniz barədə əvvəlcədən düşünməyəsiniz.
15 Çünki Mən sizə elə danışıq qabiliyyəti və hikmət verəcəyəm ki, sizə qarşı çıxanların heç biri nə ona etiraz edə biləcək, nə də ona qarşı dura biləcək.
16 Hətta ata-analarınız, bacı-qardaşlarınız, qohumlarınız və dostlarınız sizi təslim edəcək və bəzinizi edam etdirəcək.
17 Mənim adıma görə hamı sizə nifrət edəcək.
18 Amma başınızdan bir tük belə, əskik olmayacaq.
19 Dayanıb dözməklə canlarınızı qurtarın.
20 Qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə bilin ki, onun viranə qalacağı vaxt yaxınlaşmışdır.
21 O zaman Yəhudeyada olanlar dağlara qaçsın, şəhərdə olanlar oradan çıxsın və ətrafda olanlar oraya girməsin.
22 Çünki bu günlər qisas günləridir ki, bütün yazılanlar yerinə yetsin.
23 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! Çünki yer üzünün başına böyük fəlakət gələcək və bu xalq qəzəbə uğrayacaq.
24 Onlar qılıncdan keçiriləcək və bütün millətlər arasına əsirliyə aparılacaq. Başqa millətlərin vaxtı tamam olanadək Yerusəlim başqa millətlərin ayağı altında tapdalanacaq.
Bəşər Oğlunun zühuru
(Mat. 24:29-35; Mark 13:24-31)
25 Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək.
26 İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək.
27 O zaman onlar Bəşər Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcək.
28 Bu hadisələr yerinə yetməyə başladıqda başınızı qaldırın və yuxarı baxın, çünki satınalınmanız yaxınlaşır».
29 İsa onlara bir məsəl də çəkdi: «Əncir ağacına və bütün ağaclara baxın:
30 onların yarpaqlandığını görəndə bilirsiniz ki, yay fəsli artıq yaxındır.
31 Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxınlaşıb.
32 Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.
33 Yer və göy keçib-gedəcək, amma Mənim sözlərim əsla keçib-getməyəcək.
34 Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin.
35 Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək.
36 Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun».
37 İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi.
38 Səhər tezdən bütün xalq İsanı dinləmək üçün Onun yanına, məbədə gəlirdi.