8
İsa bir cüzamlıya şəfa verir
(Mark 1:40-45; Luka 5:12-16)
İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. *İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar».
Yüzbaşının imanı
(Luka 7:1-10)
İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10 Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11 *Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12 *Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13 Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.
İsa çox adama şəfa verir
(Mark 1:29-34; Luka 4:38-41)
14 İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15 İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı.
16 Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17 *Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi:
«Bizim xəstəliklərimizi O çəkdi,
Naxoşluqlarımızı Öz üzərinə götürdü».
İsanın şagirdi olmaq nə deməkdir
(Luka 9:57-62)
18 İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19 Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
21 Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22 İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin».
İsa tufanı yatırır
(Mark 4:35-41; Luka 8:22-25)
23 İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24 Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26 İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27 Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?»
Cinə tutulmuş iki nəfər sağaldılır
(Mark 5:1-20; Luka 8:26-39)
28 İsa o biri sahildə yerləşən Qadaralıların* diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29 Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30 Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31 Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32 İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33 Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34 Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın.
* 8:4 Lev. 14:1-32 * 8:11 Luka 13:29 * 8:12 Mat. 22:13; 25:30; Luka 13:28 * 8:17 Yeş. 53:4 * 8:28 Qadaralıların – bəzi əlyazmalarda Gergesalıların.