9
İsa iflicə şəfa verir
(Mark 2:1-12; Luka 5:17-26)
İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» Xəstə qalxıb evinə getdi. Xalq bunu gördükdə qorxdu* və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi.
Matta şagirdlərə qoşulur
(Mark 2:13-17; Luka 5:27-32)
İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.
10 *İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11 Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12 Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13 *Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».
Oruc barəsindəki sual
(Mark 2:18-22; Luka 5:33-39)
14 O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15 İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.
16 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17 Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
Qızın dirilməsi və qadının şəfa tapması
(Mark 5:21-43; Luka 8:40-56)
18 Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19 İsa qalxıb şagirdləri ilə onun ardınca getdi.
20 Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21 Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22 İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı.
23 İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24 və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25 Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26 Bu xəbər o torpağın hər tərəfinə yayıldı.
İki kor ilə bir lal sağaldılır
27 *İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28 Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29 O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30 Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31 Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
32 Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33 Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34 *Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur».
Məhsul çox, işçilər az
35 *İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36 *Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37 *O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38 Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin».
* 9:8 Qorxdu – bəzi əlyazmalarda heyrətləndi. * 9:10 Luka 15:1-2 * 9:13 Huşə 6:6; Mat. 12:7 9:13 Çağırmaq – bəzi əlyazmalarda tövbəyə çağırmaq. * 9:27 Mat. 20:30 * 9:34 Mat. 10:25; 12:24; Mark 3:22; Luka 11:15 * 9:35 Mat. 4:23; Mark 1:39; Luka 4:44 * 9:36 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mark 6:34 * 9:37 Luka 10:2; Yəh. 4:35