8
Məzmur 8
Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru.
1 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Ehtişamın göylərə qalxır!
2 Düşməni və qisasçını susdurmaq üçün
Körpələrin və çağaların səsi ilə
Yağılarına qarşı qala qurdun.
3 Əllərinin işi olan göyləri,
Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
4 «İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
5 Onu Allahdan bir az aşağı yaratdın,
İzzət və əzəmət tacını onun başına qoydun,
6 Əllərinin işləri üzərində onu hökmdar etdin.
Hər şeyi onun ayağının altına qoydun:
7 Bütün sürü və naxırları,
Çöldə yaşayan heyvanları,
8 Göydəki quşları, dənizdəki balıqları,
Dəryalarda üzənlərin hamısını.
9 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!