9
Məzmur 9
Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru.
Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,
Bütün xariqələrini deyəcəyəm.
Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,
Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
 
Düşmənlərim geri dönəndə
Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.
Çünki Sən haqqımı və mübarizəmi gördün,
Taxtında oturub ədalətlə hökm etdin.
 
Sən millətləri məzəmmət, pisləri yox etdin,
Adlarını əbədilik sildin.
Düşmənin sonu çatdı, o əbədi viran oldu,
Şəhərlərini təməlindən qopartdın,
Onların xatirəsi də məhv oldu.
 
Rəbb isə əbədi olaraq hökmranlıq edir,
O, taxtını hökm üçün qurub.
Dünyaya ədalətlə hökm edir,
Ümmətlərə insafla hakimlik edir.
 
Rəbb məzlumların pənahgahıdır,
Sıxıntı anlarında müdafiə qalasıdır.
10 İsmini tanıyanlar Sənə güvənir,
Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!
 
11 Sionun sakini olan Rəbbi tərənnüm edin!
Xalqlar arasında Onun işlərini bəyan edin!
12 O, tökülən qanın qisasını alır, yadda saxlayır,
Məzlumların fəryadını unutmur.
 
13 Ya Rəbb, rəhm et!
Ey ölüm qapılarından məni qurtaran,
Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
14 Sion qızının darvazalarında
Qoy Sənə edilən həmdlərimdən danışım,
Səndə xilas taparaq şadlanım!
 
15 Millətlər qazdıqları quyuya özləri düşüb,
Qurduqları tələyə öz ayaqları ilişib.
16 Rəbb Özünü göstərib hökmünü yeritdi,
Pislər öz əməlləri ilə tora düşdü.
Hiqqayon,* Sela
 
17 Pis adamlar ölülər diyarına düşəcək,
Allahı unudan bütün millətlər də oraya gedəcək.
18 Çünki fəqir adam həmişəlik unudulmaz,
Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.
 
19 Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin,
Sənin hüzurunda millətlər məhkum edilsin.
20 Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar,
Qoy onlar bilsinlər ki, yalnız insandırlar.
Sela
* 9:16 Hiqqayon – mənası bilinməyən musiqi termini.